Əmək müqavilələrinin elektron qeydiyyatına ehtiyac varmı? – EKSPERT RƏYİ
Bu ilin oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 169 820 dəfə istifadə edilib.
ƏƏSMN-dən verilən məlumata görə, bu dövrdə əhali nazirliyin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 126 909 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə 42 911 dəfə faydalanıb.
İstifadəyə verildikləri vaxtdan vətəndaşların ən çox faydalandığı elektron xidmətlər sırasında olan bu iki e-xidmətdən bu ilin yanvar-oktyabr aylarında ümumilikdə 1 milyon 675 min 727 dəfə istifadə edilib.
Ümumilikdə, əmək müqavilələrinin elektron sistemdə qeydiyyata alınmasının mahiyyəti nədir? Bu özünü ölkədə nə qədər doğrulda bilir?
Oxu.Az bu suallar ətrafında hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, əmək müqavilələrinin elektron formada qeydiyyata alınmasında həm dövlət, həm də işçi maraqlıdır:
“Hazırda dövlət tələb edir ki, bütövlükdə bütün əmək müqavilələri ƏƏSMN-nin apardığı elektron sistemdə qeydiyyata alınsın. Bu, həm dövlət, həm də vətəndaşların hüquqlarını qoruyur. Bu məsələdə dövlətin marağı ondan ibarətdir ki, heç kəs işçini qeyri-qanuni, yəni əmək müqaviləsi bağlamadan işlətməsin. Təbii ki, əhali də bunda maraqlıdır”.
Bundan başqa, ekspert qeyd edib ki, bir ildən artıq istifadəyə verilən bu sistem nəticəsində, işçi-işəgötürən arasında bir sıra məsələlər nizamlanıb:
“Əvvəllər dövlət orqanı istənilən müəssisəyə gələndə həmin müəssisədə qeyri-qanuni işə cəlb edilmiş adamlara dair deyirdilər ki, “hələ bu gün işə başlayıb, bu gün də əmək müqaviləsini bağlayırıq”.
Amma əslində onlar işçini çoxdan işə cəlb etmişdilər. İndi isə elektron sistemə işçi ilə bağlı ərizə müqaviləsi düşmürsə, bu işçini işə cəlb etmək olmaz. İşəgötürənlər artıq müxtəlif bəhanələr gətirə bilmirlər. Təbii ki, işçilər də maraqlıdır ki, onlarla əmək müqaviləsi mütləq bağlanacaq.
Bundan başqa, indiyənə qədər vəziyyət belə idi ki, işçinin əmək müqaviləsində konkret iş yeri göstərilmirdi. Tutaq ki, işçinin bankla əmək müqaviləsi var, həmin bankda kassir işləyir. Amma həmin əmək müqaviləsində işçinin işlədiyi iş yerinin ünvanı dəqiq göstərilmirdi. Bundan istifadə edən işəgötürən işçini bankın müxtəlif filial, şöbəsinə göndərməklə həmin yerlərdə də işlədə bilirdi. İndi isə bu elektron sistem məcbur edir ki, hətta o sistemdə işçinin konkret oturduğu ünvan da göstərilməlidir.
Bu da işçinin marağına xidmət edir ki, yəni işəgötürən onu bir gün bu yerdə sabah, başqa yerdə işlədə bilməyəcək. Dövlət marağı burda əsasən odur ki, vergidən yayınma olmasın. Yəni işçilərlə müqavilə bağlansın, vergiləri ödənilsin. Bu sistem belə deyək, işçi ilə işəgötürən arasındakı müansibətləri bir növ nizamlayır”.
Əkrəm Həsənov hesab edir ki, bu sistem bazarda özünü doğrulda bilib:
“Hesab edirəm ki, bu sistem bazarda özünü doğrulda bilir. Müqayisə etsək deyə bilərik ki, son bir ildə xeyli şirkətlər əvvəllər qeyri-rəsmi işlətdikləri işçiləri ilə əmək müqaviləsi bağlayırlar. Əmək müqaviləsinin bağlanması isə işçi üçün nə deməkdir? O deməkdir ki, əmək haqqını rəsmi alır. Onun Dövlət Sosial Müdafiə Fonduna ödənişləri gedir. Gələcəkdə bununla heç bir problem olmadan pensiyasını ala biləcək. Bankdan kredit götürmək istəyəndə gedib ora arayış təqdim edə biləcək ki, mənim iş yerim var.
Bu baxımdan özünü bir ildə doğruldub, yəni işəgötürənlər qorxurlar, çünki belə müqaviləni bağlamadan yəni, elektron sistemə daxil etmədən işçi ilə əmək münasibətləri qurmasına görə, sahibkarları külli miqdarda cərimə gözləyir.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1. maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.
O cərimədən qorxaraq bütün işəgötürənlər bir ildə əmək müqavilələrini bağlayıblar. Əvvəllər isə bunu etmirdilər. Hesab edirəm ki, bu baxımdan bu sistemin tətbiqi perspektivlidir və düzgündür”.
Ekspertin sözlərinə görə, qanunvericiliyə görə, işçi əmək müqaviləsinin bir nüsxəsini əldə etməlidir. Bu sistemin tətbiqinə qədər işçilərə əmək müqaviləsinin nüsxəsi verilmirdi:
“Əslində qanun tələb edir ki, işçi ilə bağlanılan əmək müqaviləsinin bir nüsxəsi işçiyə verilməlidir. Amma əksər hallarda işəgötürənlər bunu etmir. Yəni, müqaviləni elə bir nüsxədə bağlayırlar, işçiyə də qol çəkdirirlər ki, guya işçi də öz nüsxəsini alıb. Əslində isə işçi öz nüsxəsini almır.
Artıq bu elektron sistem olduğu üçün işçi özü sistemə daxil ola bilər. Özü haqqında məlumatı, əmək müqaviləsinin hansı şərtlərlə bağlandığını görə bilər. Bundan başqa, işçinin işə ehtiyacı böyük olduğundan, bir çox hallarda onu məcbur edirlər ki, əmək müqaviləsini oxumadan qol çəksin. Bu sistem də bu halların qarşısını alır”.
“İşəgötürən yaxşı başa düşür ki, bu sistemə qoşulmamaqla, aidiyyatı dövlət orqanları tərəfindən cərimə edilə bilərlər. Bütövlükdə isə işəgötürən bu prosesdə maraqlı deyil, çünki bu onun üçün əlavə vaxt itkisi və baş ağrısıdır. Sistem dövlətin və işçinin isə xeyrinədir”, - deyə Ə.Həsənov qeyd edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli