"Yoluxanların bəziləri xəstəxanadan qaçmağa cəhd edir..."
Koronavirus yalnız ona yoluxan xəstələrin deyil, həmin xəstələri müalicə edən həkimlərin də ətraf mühitdən təcrid edilməsini zəruri edir. Buna görə də öz həyatlarını təhlükəyə ataraq, koronavirusa yoluxan xəstələri müalicə edən və virusa yoluxma təhlükəsinə olduqca yaxın olan həkimlər, çətin iş şəraitindən sonra da öz asudə zamanlarını ailələri ilə birlikdə keçirə bilmirlər.
Koronavirusla mübarizəyə cəlb edilən həkimlər Azərbaycanda ilk yoluxma faktının qeydə alındığı vaxtdan etibarən işdən sonra öz ailə üzvləri, eləcə də hər kəsdən təcrid olunmuş şəkildə yaşayırlar.
Həmin həkimlərdən biri Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti Mirəsgər Əsgərov Trend-ə müsahibə verib.
- Sözsüz ki, hazırkı iş şəraitiniz ənənəvi iş şəraitinizdən daha ağırdır. Bu, sizi yormayıb ki?
- Aprelin 15-dən bu işə cəlb olunmuşam. Həkimlər növbəli şəkildə 15 gün evə getmədən klinikalarda xəstələrin müalicəsini aparırlar. Heç kimlə ünsiyyətdə olmayaq deyə, bizi klinikalardan qaldığımız hotellərə xüsusi avtobuslarla gətiririrlər. 15 iş günü bitdikdən sonra isə karantin rejimində oluruq. Mayın 1-dən “Bulvar hotel”də karantin rejimindəyəm. Ailəmlə yalnız telefon vasitəsilə əlaqə saxlayıram. 35-40 il həkim təcrübəsi olan bir səhiyyə işçisi kimi gecələr növbədə də qalmışam, gecə-gündüz pasiyentlərə xidmət etdiyim vaxtlar da olub. Ancaq pandemiya ilə əlaqədar hazırkı iş şəraiti həkimlər üçün həddindən artıq ağırdır. Əvvəla, xüsusi geyimi geyinmək və onun içində qalmaq çox çətindir. Təsəvvür edin ki, geyim hava buraxmır. Amma əynimizdə təkcə bu geyim olmur, xüsusi eynək, bir neçə qat maska və əlcəklərdən istifadə edirik. İnsan bu geyimin içində özünü çox diskomfort hiss edir. Onu geyindikdə yemək-içməkdən məhrum olursan və digər həyatı vacib olan tələbatları ödəyə bilmirsən. Biz xəstəliklə mübarizəni bu şəraitdə aparırıq. Adi insanlar bir maskanı belə ağzında saxlamaq istəmir ki, ürəyim sıxılır. Amma həkimlər bu geyim içərisində 8-10 saat xəstələrin müalicəsi ilə məşğul olur.
- İş zamanı istisna hallar üçün geyimlərin dəyişilməsi, daha sonra işə davam etmək mümkün deyil?
- Xeyr, qətiyyən mümkün deyil. Virus xüsusi təhlükəli olduğundan onun yayılmasının qarşısını almaq üçün qapalı mühitdə olmaq lazımdır. Həkimlər geyimlərini steril şöbədə geyinirlər. Əgər sən geyimi geyindikdən sonra xəstənin olduğu qapalı şöbəyə gəlmisənsə, sonradan bu qapalı mühitdən çıxıb xəstəxananın digər steril şəraiti olan şöbəsinə getsən, onda “çirklənmiş” şöbədən virusu daşımış olacaqsan. Bu isə yolverilməzdir. Bu baxımdan çətin də olsa, bu rejimə dözməliyik və dözürük. Bu, bir həqiqətdir ki, bu geyimdə dözümlülük nümayiş etdirməyin özü bir qəhrəmanlıqdır.
- Həmkarlarınızdan biri qeyd edib ki, COVİD-19 aşkarlanmış xəstələrin 60-70 faizində simptomlar müşahidə edilmir. Nəzərə alaq ki, biz bir azərbaycanlı olaraq, adətən, xəstəliyin əlamətləri kəskinləşdikdə həkimə müraciət edirik. Bu halda, özlərində virusa yoluxmanın əlamətlərini hiss etməyən xəstələrin aşkarlanması necə baş verib?
- Bəzi insanlar böyrəyinə, ürəyinə, şəkərli diabetin ağırlaşmış formasına və digər yanaşı xəstəliklərinə görə həkimə müraciət edirlər. Koronavirus yayıldığı üçün bu gün xəstəxanaya müraciət edən hər kəs məcburi qaydada testdən keçirilir. Test nəticəsi pozitiv çıxan şəxslər məcburi qaydada xəstəxanaya yerləşdirilir, onun təmasda olduğu insanlar isə mütləq şəkildə müayinələrə cəlb edilərək karantinə götürülür. Məcburi testlər əhalinin müəyyən kateqoriyası üçün poliklinikalarda, təcili yardım və sahə həkimləri səviyyəsində aparılır. Bu test xəstəliyi olmayan insanlar, o cümlədən xarici ölkələrədən gələnlər üçün də aparılır.
- Polis müdaxiləsi ilə karantinə gətirilən insanlar olur?
- Belə hallar çox olur. Virusa yoluxmuş şəxslə təmasda olan insanlarda xəstəlik aşkarlandıqda onlar da xəstəxanaya yerləşdirilməlidirlər. Onlar bunu könüllü etmədikdə polisin müdaxiləsi sayəsində xəstəxanaya yerləşdirilirlər. Bu virus təhlükəli olduğu üçün ona yoluxanları məcburi şəkildə ortaya çıxarmaq çox vacibdir. Bəzən xəstələrimizə başa sala bilmirik ki, siz xəstəsiniz. Onlar özlərini xəstə hesab etmirlər. Bir qisim yoluxanlar da deyirlər ki, boğulmam var idi, indi yaxşıyam, getmək istəyirəm. Biz onları məcburi qaydada xəstəxanaya saxlayırıq. Xəstəxanadan qaçıb getmək istəyən insanlar da olur. Biz polisin köməyi ilə onları xəstəxanada məcburi şəkildə saxlayaraq digər insanlarla təmasa girməsinin qarşısını alırıq. Bu baxımdan polisin köməyinə çox böyük ehtiyacımız olur.
- İnsanlar arasında koronavirus xəstəliyi ilə bağlı bir vahimə də yaranıb. Onlar bu virusa yoluxduğunu bildikdə onu necə qarşılayırlar, bu xəstəlik onlarda depresiya yaradır?
- Bu xəstəlik zamanı təcrid olma prosesi insanda bir vahimə yaradır. Onların daxilində belə bir qorxu da yaranır ki, mən xəstəyəmsə, bu, ailə üzvlərimə də keçə bilər. Bu xəstəliyə yoluxan adamlar özlərini cəmiyyət üçün təhükəli hesab edirlər. Təbii ki, insanlar virusa yoluxduğunu bildikdə buna təəccüblənirlər. Çünki yoluxma baş verdikdən sonra pasiyent özünü xəstə kimi qəbul etmir. Xəstələr koronavirusa nə zaman, haradan və necə yoluxduqlarını da deyə bilmirlər. Bəzi hallarda deyirlər ki, mən hansısa xəstə insanla təmasda olmuşam. Təbii ki, bütün bunlar onlarda depressiya da yaradır.
- Çin alimləri bildiriblər ki, COVİD-19-un alovlanmasından başlayan ötən dövr ərzində bu virus bir necə dəfə mutasiyaya uğrayıb. Müxtəlif ölkə iqlimləri bu xəstəliklərin əlamətlərinin fərqli formada üzə çıxmasına səbəb olurmu? Azərbaycandakı koronavuris xəstələrində müşahidə edilən əlamətlər digər ölkələrdəki xəstələrdə müşahidə edilən əlamətlərdən fərqlənir?
- Xeyr. Xəstəliyin bütün əlamətləri hər yerdə demək olar ki, eynidir. Sadəcə olaraq, fərd müxtəlifliyi var. Virus hava-damcı yolu ilə yayıldığından quru, isti havada respirator xəstəliklərlə xəstələnmə halları daha az olur. Bu, demək olar ki, qripin bir növüdür. Hər bir qrip növünün özünün ağırlaşmaları olur. Koronaviurusun da xüsusiyyəti odur ki, o, ağciyərin alveollarının bərkiməsinə və fibrozlaşmasına səbəb olur. Bu səbəbdən insan hava çatışmazlığından əziyyət çəkir.
- Mayın 4-dən karantin qaydalarında yumşaldılma tədbirlərinin həyata keçirilməsi yoluxma hallarının sayını getdikcə daha çox artıra bilər?
- Xəstəliyə qarşı mübarizə aparmağın ən gözəl yolu onun profilaktikasıdır. Ən yaxşısı budur ki, insan xəstəliyə yoluxmasın. Bunun üçün də insanlar bilməlidirlər ki, tələb olunan qaydalara əməl etsələr- ara məsafəsi saxlasalar, qoruyucu maskalardan istifadə etsələr, şəxsi gigiyenik qaydalara əməl etsələr, karantin qaydaları daha da yumşaldıla bilər. Çox təəssüf olsun ki, insanlarda rahatlıq yaranır. Sizi əmin edirəm ki, onlar bu prosesə dırnaqarası baxsalar, xəstəliyin sürətlə artması müşahidə oluna bilər. Təbii ki, dövlət də insanların uzun müddət karantində qalmasını istəmir. Bu, dövlətin də xeyrinə deyil. Azərbaycan hökumətinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində virusa daha çox yoluxmanın qarşısı alınır. Prezidentin etdiyi çağırışlar, gördüyü işlər həqiqətən də öz bəhrəsini verdi. Ölkədə insanların təması daha çox olsaydı, “evdə qal” çağırışına əməl edilməsəydi, görülən bu tədbirlər olmasaydı, biz də başqa ölkələrdəki kimi xəstəliklə mübarizəni yaxşı apara bilməzdik.
- İnsanların çoxu bu xəstəliyi hələ də real olaraq, qəbul etmirlər. Hətta bir müddət əvvəl Rusiyanın tibb işçiləri də bu virusun olmaması bəyanatı ilə çıxış etdilər.
- İnsanlar həqiqəti anlamalıdırlar. Biz özümüz də eşidirik ki, insanlar bir-birlərinə “bu xəstəlik yoxdur” deyirlər. Mən həmin şəxslərə bir daha deyirəm ki, heç kim bunu bir zarafat, yalan kimi qəbul etməsin. Bu xəstəlik həqiqətən var. İnsanların ağır xəstələri görməsi onların real vəziyyəti başa düşməsinə kömək edər.
- Koronavirusa qarşı vaksinin qısa müddətdə hazır olacağını gözləmək olar?
- Çoxları deyir ki, vaksin 3-4 aya hazırlanacaq. İnanın ki, bu, mümkün deyil. Vaksinin fərdi sınaqları aparılmalıdır. Bu sınaqlar milyonlarla keçirilməlidir ki, son qərar verilsin. Qızılcaya qarşı da vaksin var, amma görürük ki, bu xəstəlik bəzən geri qayıdır. Çiçək xəstəliyinin yox olmasından görün necə illər keçib, amma bir də görürsən ki, o, yenidən qayıdır. Ona görə də “bu virus öldü, yox oldu” deyə bilməzsən. Bu virusa yoluxma azaldıqdan sonra belə o, nə zamansa yenidən üzə çıxa bilər.
- İsti aylarda virusa yoluxmanın azalacağı, vəziyyətə nəzarət edilməzsə, payız aylarında daha güclü dalğanın yaranacağı barədə fikirlər səslənir. Buna münasibətiniz necədir?
- Bu fikirlər mütləq göstərici deyil ki, isti aylarda virus olmayacaq, soyuq aylarda isə olacaq. Bu, sadəcə bir ehtimaldır. Hava-damcı infeksiyasına yoluxma halları yay aylarında az olduğuna görə ehtimal edilir ki, vəziyyət belə olacaq. Əgər isti havada bu virusun olmayacağı fikri doğrudursa, onda gərək Misirdə, Ərəbistanda, Braziliyada və s. isti ölkələrdə bu virus olmasın. İsti havada xəstəliyin yayılma sürəti bir qədər ləngiyə bilər. Amma ikinci, üçüncü dalğanın gəlməsi yayda, payızda da mümkündür. Koronavirusla bağlı proqnozu heç kim verə bilməz. Virus artıq bizimlə yaşayacaq, sadəcə olaraq, ona yoluxma artıq azala və ya çoxala bilər.
- Koronavirus xəstələrinin qan plazmasının ağır xəstələrin müalicəsi üçün istifadəsi nə kimi effekt verə bilər?
- Xəstəlikdən sağalan insanlar artıq qeydiyyata alınıb, onların siyahısı var. İctimaiyyət bilməsə də, biz sağalanların kim olduğunu bilirik. Həmin insanların qan plazmasından yoluxan şəxslərə köçürülməsi, xəstələrdə koronavirusu daha yüngül keçirməsinə səbəb ola bilər. Bu, artıq təcrübədə istifadə edilib. Elə xəstələrimiz var ki, onlar uzun müddətdir müalicə edilirlər, lakin müalicəyə tabe olmurlar. Belə xəstələrə plazmanın köçürülməsi fayda verə bilər. Bu xəstəlik zamanı sağalma dövrü orqanizmin fərdiliyindən də asılıdır. Elə insan var ki,daha tez - 5-10 günə, bəziləri daha uzun müddətə sağalır. Bu, insanın immun qabiliyyətindən, yaşından, cinsindən asılıdır. İmmuniteti güclü olan insanlar bu xəstəliklə mübarizədə daha tez qalib olurlar. Ona görə də bəzən xəstələrdə sağalma dövrü bilinmir.
- Koronavirusa bir dəfə yoluxan şəxsin ikinci dəfə bu virusa yoluxması mümkündür?
- İnsanlar COVİD-19-a təkrar yoluxa bilərlər, çünki yoluxanların heç birində ona qarşı davamlı immunitet yaranmır. Ona görə də, istənilən şəxs koronavirusa 3-5 dəfə də yoluxa bilər. Vaksin tapıldıqdan sonra bu şəxslərin yenidən virusa yoluxmasına gəldikdə, bu, gələcək zamanın işidir. Bunun proqnozunu heç kim verə bilməz.
- Azərbaycanda virusa yoluxanların çoxu qadınlardır. Bunun tibbi əsası var?
- Hazırda yoluxanlar arasında qadınların sayı kişilərdən bir qədər çoxdur. Amma bu, o demək deyil ki, bu xəstəlik kişilərlə müqayisədə qadınlar arasında daha çox müşahidə edilir. Yüz illərin təcrübəsidir ki, öd daşı xəstəliyi qadınlarda daha çox müşahidə edilir. Həyat tərzi ilə əlaqədar olaraq, mədə yarası, xorası kimi xəstəliklərə isə kişilərdə daha çox rast gəlinir. Koronavirusa qadınların daha çox, kişilərin daha az yoluxduğunu demək çətindir. Çünki bu virus və onun yaratdığı fəsadlar hələ tam öyrənilməyib. Virusa uşaqların yoluxmadığı barədə deyilənlər də düzgün deyil. Bu virus bütün yaş hədləri arasında müşahidə oluna bilər. Bizim klinikada 6 yaşlı da, 70 yaşlı da xəstə olub.
Mənbə:> Trend