İlham Əliyev koronavirusa qarşı qlobal səfərbərlik başlatdı
Dünya son yüz ilin ən ciddi böhranı ilə qarşı-qarşıyadır və sonu görünməyən koronavirus pandemiyasının fəsadları getdikcə ağırlaşır. Ölkələr sərhədlərini bağlayıb, karantin rejimi və fövqəladə vəziyyət rejimləri tətbiq edilib, iqtisadiyyatlar böyük ölçüdə dayanıb. Virusun qurbanlarının sayı sürətlə 300 minə yaxınlaşır, bir çox ölkələrin, məsələn ABŞ-ın verdiyi insan itkiləri müharibələrdəki itkilərini də ötüb keçib.
Belə demək olar ki, koronavirus qloballaşmanı sürətlə alt-üst edib, indi insanlar kimi ölkələr də virusdan xilas olmaq üçün özünütəcrid rejiminə keçirlər. Qlobal bəlaya qarşı qlobal əməkdaşlıq, birgə səylər sanki yaddan çıxıb və hər ölkə virusa qarşı öz sərhədləri daxilində mübarizə aparmağa çalışır. Hansı ki, bunun tam tərsi baş verməliydi-Yer kürəsində insan sivilizasiyasını təhdid edən bəlaya qarşı dövlətlərin də birgə mübarizə üçün sürətlə səfərbər olması gərək idi.
İlham Əliyev qlobal səfərbərlik başladır
Belə bir vaxtda, ölkələrin öz sərhədləri içərisinə qapandığı və qlobal təhlükəyə qarşı birgə mübarizə səylərinin nəzərə çarpmadığı bir vaxtda Azərbaycan prezidentinin təşəbbüsü ilə bu günlərdə videokonfrans rejimində keçirilmiş beynəlxalq toplantı-Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi geniş rezonansa səbəb oldu. Və indi tam əminliklə demək olar ki, Azərbaycan prezidenti bu təşəbbüsü ilə koronavirusa qarşı qlobal səfərbərliyi başlatmış oldu.
Xatırladaq ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edildi. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsi idi.
2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü keçirildi. Zirvə görüşündə qəbul olunmuş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapdı. Eyni zamanda, bu sənədlərdə 65 illiyi bu günlərdə qeyd edilən Bandunq prinsiplərində yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olundu.
Və Azərbaycan prezidenti İlham Əliyev aprelin sonlarında ölkənin kifayət qədər geniş təmsilçiliyə malik təşkilatdakı indiki statusundan istifadə edərək Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans rejimində Zirvə görüşünü keçirmək təşəbbüsü irəli sürdü. Təşəbbüs üzv ölkələrdə və tərəfdaş beynəlxalq təşkilatlarda dəstək qazandı, zirvə görüşü mayın 4-də baş tutdu.
Sammitdə kimlər danışdı...
Sammitdə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri çıxış etdilər. Habelə, BMT-nin Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru videokonfransda nitq söylədilər, o cümlədən BMT-nin Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsi/vitse-prezidentinin videomüraciətləri səsləndirildi.
Hazırda qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Nəticədə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq.
Qeyd edək ki, Azərbaycan Prezidentinin sammitin keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunublar. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və onun lideri İlham Əliyevə olan inamın, etibarın və etimadın göstəricisi idi.
Bu sammit nəyi sübut etmiş oldu...
Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə İlham Əliyevə təşəkkürün öz əksini tapması da bunun bariz göstəricisidir.
Təsadüfi deyil ki, BMT-nin Baş katibi Antonio Quttereş video müraciəti zamanı qeyd pandemiyaya qarşı yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulayıb.
Hətta Avropa İttifaqı da sammitə qatıld
Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olub.
İlham Əliyev sammitdə çıxışı zamanı bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdı. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişdi və nəticədə, yeni reallıqlar meydana çıxdı. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verdi. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü bunu göstərir.
“Yalnız birgə səylərlə qalib gələ bilərik...”
İlham Əliyevin dediyi kimi, COVİD-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir edir. Heç bir ölkə bundan sığortalanmayıb. “Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVİD-19-a qalib gələ bilərik»,-Azərbaycan prezidenti bildirdi.
İlham Əliyev diqqəti daha bir mühüm məqama cəlb edərək vurğuladı ki, pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsi vacibdir. Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayıb. Pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir.
“Bu xüsusda, pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşdırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələri üçün nəzərdə tutulur»,-prezident sammitdə bildirdi.
İlham Əliyev xatırlatdı ki, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır.
Prezidentin nitqindən sitat: “Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır.
Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik”.
İlham Əliyev sammitə yekun vurur
Prezident sammitdə yekun nitqi də söylədi və bildirdi ki, Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır.
“Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir. Eyni zamanda, bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması məqsədilə pandemiyadan sonrakı dövr üçün iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə səylərimizi daha da artırmağımız faydalı olardı”,-Azərbaycan prezidenti nitqində bildirib.
İlham Əliyev onu da qeyd edib ki, Zirvə görüşü Qoşulmama Hərəkatının digər beynəlxalq təsisatlar və dünya birliyi ilə əməkdaşlığa hazır olduğunu göstərdi: “ Hesab edirəm ki, müzakirələrimiz həm də Təmas Qrupu formatının səmərəli bir mexanizm olduğunu nümayiş etdirdi. Gələcəkdə Təmas Qrupunun tematik alt işçi qrupları da təsis edilə bilər. Bir daha əminliyimi bildirmək istərdim ki, biz birlikdə pandemiyaya qalib gələcəyik”.
İlham Əliyevin ilk təşəbbüsü: türkdilli ölkələr koronavirusa qarşı
Əslində Qoşulmama Hərəkatının təmas qrupunun sammiti Azərbaycan prezidentinin koronavirusa qarşı beynəlxalq səfərbərlik başlatmaq səylərinin davamıdır. Azərbaycan prezidenti bundan əvvəl türkdilli ölkələri bu problemlə bağlı videokonfrans rejimində bir araya gətirib.
Belə ki, hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edən İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş sammit keçirirdi. Artıq bu sammitin nəticəsi olaraq koronarejim dövründə Türk Şurası çərçivəsində 3 istiqamət üzrə - səhiyyə, nəqliyyat və iqtisadiyyat üzrə əməkdaşlıq mövcuddur.
Türk Şurasının toplantısında çıxış zamanı İlham Əliyev haqlı olaraq bildirdi: “Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq”.
Beləliklə, təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirmiş oldu.
Azərbaycan ilk günlərdən qlobal həmrəyliyə çalışıb
Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib . Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına bir daha milyon dollarlıq könüllü ianə ayrılacaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldiləcək. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilib və keçirilməkdədir.
Qeyd olunduğu kimi koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoyub. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə üzləşir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdi.
Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində çəkilir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur.
Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir.
Mənbə:> VIRTUALAZ.org