İran işğal altındakı Azərbaycan ərazilərinə körpü salır XƏBƏRİMİZ VAR- XARİCİ İŞLƏR NAZİRLİYİ
Son günlər İranın işğal altındakı Azərbaycan ərazilərindəki qanunsuz iqtisadi-ticarət fəaliyyəti, Dağlıq Qarabağın separatçı rejiminin ehtiyacları üçün yanacaq və s. daşıması yenidən gündəmə gəlib.
Virtualaz.org xəbər verir ki, Dağlıq Qarabağdakı İran TIR-larının və yanacaqdaşıyan tankerlərinin sosial şəbəkələrin erməni seqmentində yayılmış görüntüləri Azərbaycan ictimaiyyətini hiddətləndirib və rəsmi Bakının etirazına səbəb olub.
Lakin Dağlıq Qarabağa yük daşıyan TIR-larla yanaşı İranın Araz çayı üzərindən işğal altındakı Azərbaycan ərazilərinə körpülər salması da üzə çıxıb. İnternetdə bunu təsdiqləyən görüntülər yayılıb. Məlum olub ki, İran Araz çayı üzərində Xudafərin və Qız qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini həyata keçirir.
Bəs İran Azərbaycanın işğal altındakı ərazilərinə körpüləri hansı əsasla salır və Bakının buna münasibəti necədir? Həmin körpülər işğal altındakı ərazilərdə qanunsuz iqtisadi fəaliyyətin daha da genişlənməsinə səbəb olmayacaqmı?
Virtualaz.org xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ötən gün bu məsələ ilə bağlı KİV-lərə açıqlama verib.
Diplomat bunları deyib: Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş 23 fevral 2016-cı il tarixində imzalanmışdır və bu Sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləridir. Bu Saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır. Həmin prinsiplərdən çıxış edərək, Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanmışdır. Həmçinin, Sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir”.
Xələf Xələfov habelə deyb ki, yerli mətbuatda Araz çayı üzərindən işğal altındakı ərazilrə körpülərin salınması barədə şərhlərə həmin sazişə uyğun olaraq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır.
“İran İslam Respublikasının Səfirliyinin bildirdiyi kimi, bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. Bu, hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik olan sözügedən Sazişdə öz əksini tapmışdır. İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki, bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir”,-nazir müavini bildirib.
Mənbə:> VIRTUALAZ.org