“Azərişıq” ASC-də təyinatlar: Tanrıverdi Mustafayev sədrin müşaviri təyin olundu
“Azərişıq” ASC-də yeni kadr təyinatı və yerdəyişməsi baş verib. Virtualaz.org xəbər verir ki, uzun illərdir “Azərişıq” ASC-nin mətbuat xidmətinə rəhbərlik edən Tanrıverdi Mustafayev bu vəzifəsindən azad edilib və səhmdar cəmiyyətin sədrinin sosial məsələlər üzrə müşaviri təyin olunub. “Azərişıq” ASC-nin mətbuat xidmətinə isə ATV telekanalının aparıcısı və xəbərlər redaktoru olmuş telejurnalist Vaqif Aydınoğlunun təyin edildiyi bildirilir.
T.Mustafayev virtualaz.org-a təyinatı təsdiqləyib, bildirib ki, yeni təyinat barədə xəbəri qərb bölgəsində xidməti ezamiyyətdə olarkən alıb. “Bu təyinat mənim üzərimə daha böyük məsuliyyət qoyur və şəxsimə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm”,-o bildirib.
Qeyd edək ki, Vüqar Əhmədovun “Azərişıq” ASC-yə sədr təyin edilməsindən sonra prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq səhmdar cəmiyyətin strukturu təkmilləşdirilir, eyni zamanda sosial fəallığı artır. Belə görünür ki, ASC sədrinin sosial məsələlər üzrə müşavirinin təyin edilməsi bu sahədə fəaliyyətin sistemli xarakter daşıyacağı ilə bağlıdır.
Xəbər verildiyi kimi koronavirus pandemiyasına görə ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “Azərişıq” ASC rəhbərliyi və kollektivi bir çox sosial aksiyalarda fəal iştirak edib. Səhmdar Cəmiyyətin kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz əmək haqlarından ianələr edib, habelə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə başladılan qanvermə aksiyasına qatılıb. O cümlədən Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi ilə birlikdə qaçqın və məcburi köçkünlərə ərzaq yardımları göstərib. Ayrıca olaraq bir sıra bölgələrdə şəhid ailələrinə, maddi baxımdan imkansız şəxslərə ərzaq yardımları çatdırıb.
Mənbə:> VIRTUALAZ.org