Braziliya Ciu-Citsu (No-gi) və Kombat Ciu-Citsu üzrə açıq turnir keçirilib – FOTO
Dünən Hövsan Olimpiya İdman Kompleksində Braziliya Ciu-Citsu döyüş sənətinin No-Gi versiyası və Kombat Ciu-Citsu döyüş sənəti üzrə Açıq Turnir keçirilib.
AzNews.info xəbər verir ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Yarışın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Firudin Paşayev çıxış edib. Ölkədə gedən inkişafdan danışan F. Paşayev dövlət başçısı cənab İlham Əliyevin idmana xüsusi diqqət və qayğısına toxunub.
Daha sonra çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov qonaqları salamlayaraq idmançılara müvəffəqiyyət arzulayıb. O həmçinin ölkəmizdə bu idman növlərinə artan maraqdan və bu idman növlərinin populyarlaşmasından söz açaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə də yarışa göstərdiyi dəstəyinə görə xüsusi təşəkkürünü bildirib.
Ondan sonra çıxış edən Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri, qara kəmər sahibi Taleh Həsənov da yarış iştirakçılarını və qonaqları salamlayıb və onlara müvəffəqiyyət arzulayıb.
Bundan sonra tədbirdə çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin vitse-prezidenti Murad Cəfərov da idmançılara müvəffəqiyyət arzulayaraq bu iki qurumun təşkilatçılığı ilə keçirilən yarışın bu idman növlərinin gələcəyinə müsbət təsir göstərəcəyini deyib.
Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin baş məşqçi-təlimatçısı, respublikanın əməkdar məşqçisi, Kombat Ciu-Citsu döyüş sənəti üzrə beşinci dan qara kəmər sahibi Rəsul Məmmədov ölkəmizdə idmanın inkişafından, bu idman növlərinin sağlam həyat tərzi üçün önəmli olmasından və vətənpərvərlik ruhunda tərbiyə üçün xüsusi əhəmiyyətə malik olmasından danışıb.
Keçirilən yarışda Braziliya Ciu-Citsu və Kombat Ciu-Citsu üzrə iyirmiyə yaxın klub və nümayəndəlik iştirak edib. Bundan başqa yarışda qonaq qismində Rusiyadan bir və Gürcüstandan iki komanda da iştirak edib.
200-dən çox idmançının mübarizə apardığı yarışda müxtəlif çəki dərəcəsi, yaş və kəmər kateqoriyasında uşaqlar, yeniyetmələr, gənclər və veteranlar öz güclərini sınayıblar.
Yarışın sonunda turnirin qalibləri diplom və medallarla mükafatlandırılıb.
Mənbə:> AzNews.info