İmamoğlu yeni qələbə üçün qolları çirmələdi – VİDEO
Martın 31-də keçirilmiş yerli seçkilərdə İstanbul böyük şəhər bələdiyyə başqanı seçilən Əkrəm İmamoğlu dünən axşam YSK-nın nəticələri ləğv edib yeni seçkilər təyin etməsindən sonra Beylikdüzü rayonunda on minlərlə tərəfdarının qarşısına çıxıb. İmamoğlu çıxışını Ramazan ayının ilk günü ilə bağlı mesajlar verməklə başlayıb. Bildirib ki, Ramazan ayı birləşmə, qucaqlaşma, qul haqqı yeməmə ayıdır. "Biz bu ölkədə qul haqqı yeyilməsini istəmirik"-o bildirib.
İmamoğlu YSK-nı təzyiqlərə boyun əydiyi üçün qınayıb. "Əfəndim, nəymiş, seçki komissiyalarının tərkibinə fövqəladə etiraz etdikləri üçün nəticələri ləğv etmiş. Həmin seçki komissiyaları prezidenti də seçdi, konstitusiya referendumunu da keçirdi. O zaman prezident seçkiləri də şübhəlidir, konstitusiya da şübhəlidir"-o bildirib.
İmamoğlu çıxışı zamanı pencəyini çıxarıb, qalstukunu açıb və köynəyinin qollarını çirməyib, yeni mübarizəyə hazır olduğu mesajını verib.
O deyib ki, İstanbul seçkilərinin nəticələrinin anasının südü kimi halal olduğuna əmindir. "Bu millət bizi seçib. İndi sizlərə söz verirəm. Yolumuz uzun, həyacanımız yüksək, gəncliyimiz var. Biz ədalətə susamış, demokratiyaya inanan türk gənciyik. Bu millətin önünü heç kim kəsə bilməz"-o bildirib.
Mənbə:> Virtualaz.org