Kəmaləddin Heydərov jurnalistlərin ittihamedici sualına cavabında "bir az ağılla fikirləşin" dedi -FOTO/VIDEO
"Bir müddət əvvəl burada yanğın baş vermişdi. Həmin yanğından sonra obyektin rəhbərliyinə Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən plan üzrə təhlükəsizlik tədbirləri görülməsilə bağlı xəbərdarlıq edilmişdi. Lakin bu yanğın hadisəsi göstərir ki, yenə də tədbirlər tam görülməyib. Təmir-quraşdırılma işləri bitmədən, obyekt tərəfimizdən və yerli icra hakimiyyəti tərəfindən qəbul edilmədən burada sahibkarların fəaliyyətinə şərait yaradılıb".
Bunu Binəqədi rayonundakı "EuroHome" tikinti materialları bazarındakı yanğın baş vermiş əraziyə gələn Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, FHN mütəmadi olaraq öz səlahiyyəti çərçivəsində tikinti və yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar aparır, çatışmazlıqlarla bağlı sahibkarlara xəbərdarlıq edir, hüquq-mühafizə orqanlarına müraciətlər göndərir: "Bu sahibkar çox məsuliyyətsizdir ki, şəxsi obyektini bu cür təhlükəli şəraitdə işlədir. Bu cür hadisələrdən isə onun özü və buradakı digər sahibkarlar daha çox ziyan çəkir. Mənə belə gəlir ki, bu hadisədən sonra hüquq-mühafizə orqanları bu obyekt haqqında daha ciddi tədbir görəcəklər, belələri layiqli cəzalarını alacaq. Nəzarət qurumlarının göstəriş və təlimatlarına hər bir sahibkar əməl etməlidir".
Nazir əlavə edib ki, FHN əməkdaşları oparativ çalışıblar və yanğın qısa müddətdə söndürülüb.
Nazir, həmçinin, jurnalistlərə pandemiya dövründə daim qoruyucu maskalardan istifadə etməyi də məsləhət görüb: "Hamınız maskasızsınız. Halbuki siz bu pandemiya dövründə təhlükəsizlik tədbirlərinə əməl etməyi təbliğ etməli olan şəxslərsiniz. Zəhmət olmasa, özünüzün və digərlərinin təhlükəsizliyi üçün maska taxıb, jurnalist fəaliyyətinizə davam edin".
Fövqəladə Hallar naziri bəzi jurnalistlərin yanğın zamanı yanğınsöndürən şlanqların cırıq olması ilə bağlı səsləndirdikləri iddialara da münasibət bildirib.
"Yaxşı olardı ki, bu sualları verməmişdən öncə yanğınsöndürənlərin işinə baxasınız. Baxın, görün bu alovun içində şlanqların üzərinə nələr tökülür. O şlanqlar partlaya bilməz. Bir az ağılla fikirləşin", - deyə nazir vurğulayıb.
Yeri gəlmişkən, bu arada FHN-in Mətbuat xidməti “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb.
Bildirilir ki, bazarın ərazisində baş vermiş yanğın saat 01:30-da tam söndürülüb.
**01:33
FHN-in Mətbuat xidməti Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
Bildirilir ki, yanğın məhdudlaşdırılıb, açıq alov mənbələri yoxdur.
Hazırda yanğın yerində soyutma və tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv materialların sökülməsi işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***01:15
Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
Virtualaz.org-un məlumatına görə, Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə bildirib ki, alovun qarşısı artıq alınıb: "Hazırda ərazidə soyutma işləri aparılır. İlkin məlumata görə, yanğın 3500 kvadratmetr ərazini əhatə edib".
***00:46
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da yanan “EuroHome” bazarının ərazisinə gəlib.
Nazir yanğının söndürülməsi üçün görülən işlərlə tanış olub və lazımı tapşırıqlar verib.
Hazırda FHN-in müvafiq qüvvələri yanğını söndürməyə davam edirlər.
***23:59
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.
Bu barədə virtualaz.org-a Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
O bildirib ki, yanğınla bağlı ilk məlumat alınanda ikinci dərəcəli çağırış verilib. Alov artıq bazarın ikinci mərtəbəsinə keçib. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.
Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb.
***23:48
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
Virtualaz.org FHN-ə istinadən bildirir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Xatırladaq ki, bu “EuroHome” bazarında ilk yanğın deyil. Bazar sonuncu dəfə 2019-cu ilin dekabrında yanıb. O vaxt yanğın 5 hektar ərazinin 2 hektarını məhv etmişdi.
Mənbə:> VIRTUALAZ.org