“Laçın” klinikası ilə bağlı Baş Prokurorluğa müraciət edildi
“Laçın” klinikasında yoxlamalar aparılması tələbi ilə Səhiyyə, Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, habelə Baş Prokurorluğa müraciət edilib. Klinika rəhbərliyi işçilərlə əmək müqaviləsi bağlamamaqda, vergidən yayınmaqda ittiham edilir.
Bu barədə virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata klinikada həkim-androloq işləmiş Vaqif Hüseynov tərəfindən müraciət daxil olub: “Həkim-androloq müraciətində bildirir ki, klinikada 50-yə yaxın həkim çalışsa da yalnız 10-15 həkimin əmək müqaviləsi var. Vaqif Hüseynov da dəfələrlə klinikanın rəhbəri Xuraman Muradovaya müraciət etsə də onunla bir müddət əmək müqaviləsi bağlanılmayıb. Sonradan əmək müqaviləsi bağlanılsa da həkimə ayda 1500 manat məvacib ödənildiyi halda rəsmi sənədlərdə bu məbləğ 150-200 manat qeyd edilib”.
Şikayətçi bildirib ki, xəstələrə lazımsız analizlər təyin olunur: “Həkim iddia edir ki, xəstələr lüzumsuz analizlərə cəlb olunmaqla aldadılır. Klinika rəhbərliyi isə həkimlərin etirazına məhəl qoymur. Şikayətçi ötən ilin sonunda işdən çıxmaq üçün ərizə yazıb. Klinika həkimin əməkhaqqını ödəməkdən imtina edir. Vaqif Hüseynov klinikada baş verənlərin araşdırılmasına, ona ödənilməli olan 2000 manatdan artıq məvacibin ödənilməsini tələb edir”.
E.Hüseynov məsələnin araşdırılması üçün əlaqədar nazirliklərə, Baş Prokurorluğa müraciət edib.
Bu məsələyə aydınlıq gətirmək üçün “Laçın” klinikasına müraciət etdik. Klinikadan isə virtualaz.org saytının sorğusuna cavab verilmədi.
Mənbə:> Virtualaz.org