Daha bir özəl klinika bağlandı – FOTO
Bu barədə virtualaz.org saytına klinikanın əməkdaşlarından biri məlumat veriblər.
Adının çəkilməsini istəməyən tibb bacısının sözlərinə görə, bu özəl tibb ocağı əvvəllər yaşayış binalarından birinin birinci mərtəbəsində “NewMed” klinikası adı ilə fəaliyyət göstərib. Sonradan onun yerləşdiyi binanın qarşısında 4 mərtəbəli ayrıca bina inşa edilib və klinika ora köçürülüb. Bir müddət “Stimul hospital” adı ilə işləməyə başlayan klinika təkrar bağlanıb.
“Klinika işləyirdi, sonradan bağladılar. Xəstələrə isə bağlanılma səbəbləri açıqlanmadı. İndi klinikada yalnız mühafizəçilər var. Tibb heyəti işə çıxmır” - deyə mənbə bildirdi.
Tibb bacısının sözlərinə görə, klinika üçün ayrıca bina inşa edilərkən yolun bir hissəsi tutulub, səki bağlanıb. Buna görə də qəsəbə sakinləri gediş-gəlişin məhdudlaşdırılmasından Sabunçu Rayon İcra Hakimiyyətinə şikayət ediblər. Amma sonradan klinika heç bir xəbərdarlıq etmədən fəaliyyətini dayandırıb.
Səhiyyə Nazirliyindən isə virtualaz.org saytına bildirdilər ki, “Stimul hospital” klinikasına hələ lisenziya verilməyib. Yəni bu tibb ocağı bir müddət fəaliyyət göstərsə belə bu, qanunsuz olub: “Həmin klinika bir il əvvəl yaradılıb. Klinika rəhbərliyi lisenziya alınması üçün nazirliyə müraciət edib. Lisenziya ilə bağlı klinikanın müraciəti araşdırılıb və müəyyən iradlar qeydə alınıb. Səhiyyə Nazirliyinin müvafiq komissiyası iradların aradan qaldırılması üçün tövsiyələr verib. Klinika rəhbərliyi isə lisenziyanın alınması üçün tələb olunan şərtlərin yerinə yetirilməsi üçün müvafiq işlər həyata keçirir”.
Mənbə:> Virtualaz.org