İsraildə 7 orqan mafiozu tutuldu, Azərbaycanla əlaqələri var
Virtualaz.org saytı xəbər verir ki, İsrailin Ədliyyə Nazirliyi bu barədə məlumat yayıb. Məlumatda deyilir ki, şübhəlilər Azərbaycan, Şri-Lanka, Türkiyə və Kosovoda qeyri-leqal orqan transplantasiyası həyata keçiriblər, yaxud təşkil ediblər. Bu əməliyyatlarda yerli donorlardan istifadə olunub, onlardan alınan böyrəklər İsraildən olan müştərilərə köçürülüb.
“Bu şəxslər orqan alveri ilə məşğul olaraq il ərzində onlarla transplantasiya əməliyyatı həyata keçiriblər və donorların ağır maliyyə vəziyyətindən istifadə edərək onların orqanlarını satmaqla varlanıblar” - deyə nazirlik bildirib.
İttiham olunanlar arasında Təl-Əviv yaxınlığındakı Beylinson xəstəxanasının transplantasiya şöbəsinin rəhbəri Zaki Şapirodur. O, 2003-cü ildə pensiyaya çıxıb. Pensiyaya çıxandan sonra doktor Şapiro qanunsuz orqan alverinə qoşulub.
“Öz reputasiyasından istifadə edərək doktor Şapiro potensial müştərilərin axtarılıb tapılmasını təşkil edib. Həmçinin o, donorların sənədlərini, transplantasiyanın həyata keçirildiyi tibb obyektlərini yoxlayıb, prosesi təşkil edib” - deyə açıqlamada bildirilir.
Təl-Əvivdə həbs olunanlardan biri də Kosovoda orqan mafiyasının üzvləri barədə keçirdiyi məhkəmə prosesində adı keçən Moşe Xareldir. Kosovo ittihamçıları bildiriblər ki, Xarel donorların ələ alınması və müştərilərin tapılması ilə məşğul olan şəbəkənin ilhamvericisi olub.
İsrail qanunlarına görə könüllü donorlardan və ya ölmüş insanlardan orqanlar başqalarına köçürülə bilər. Lakin bu zaman birbaşa və ya dolayısı yolla pul ödənilməsi, hər hansı formada mükafatlandırma qadağandır. Əks halda fakt orqan alveri kimi cinayət hesab olunacaq.
Qeyd edək ki, Azərbaycanın adı beynəlxalq orqan mafiyasının əməllərində əvvəllər də dəfələrlə çəkilib. Hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevə məxsus “ABU Klinika” belə qanunsuz orqan transplantasiyası əməliyyatlarının keçirildiyi yerlərdən biri idi.
Mənbə:> Virtualaz.org