Bakıda ağ ciyər köçürüləcək
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Orqan transplantasiyası” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
ANS PRESS xəbər verir ki, Türkiyənin İnönü Universiteti (Malatya) və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda transplantasiya sahəsində hər iki ölkənin mütəxəssisləri, gənc alimlər və rezidentlər iştirak ediblər.
ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov konfransı açıq elan edərək bildirib ki, son dövrlər ölkəmizdə səhiyyənin digər sferaları kimi, orqan köçürülməsi sahəsi də uğurla inkişaf etməkdədir: "Artıq Azərbaycanda orqan transplantasiyası aparan bir neçə klinikalar mövcuddur və bu istiqamətdə çox uğurlu addımlar atılır. Bu səbəbdən də biz belə bir konfransı keçirmək qərarına gəldik. Hesab edirəm ki, bu tip konfransların keçirilməsi çox vacibdir. Xüsusilə, gənclərimiz üçün önəmlidir".
Akademikin sözlərinə görə, ölkəmizdə orqan tranplantasiyası əməliyyatlarının sayı ilbəil artır: "Azərbaycanda orqan transplantasiyası əməliyyatlarında əsasən, canlıdan canlıya qara ciyər, böyrək köçürülür. Təəssüflər olsun ki, ağ ciyər köçürmə əməliyyatını hələ həyata keçirməmişik. Amma bu bizim hədəfimizdir. Yaxın bir zamanda yəqin ki, buna da nail olacağıq."
O bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında da orqan transplantasiyası şöbəsinin açılması nəzərdə tutulur.
ATU-nun Türkiyənin bir çox universitetləri ilə sıx əlaqələrindən söhbət açan rektor Əhliman Əmiraslanov onların sırasında İnönü və Başkent universitetlərinin də olduğunu deyib.
Sonra tədbir məruzulərlə davam edib. Türkiyəli alim, professor Sezayi Yılmaz “Dünyada və Türkiyədə canlıdan qaraciyər transplantasiyası”, professor Dr. Cüneyt Kayaalp “Meyitdən qaraciyər transplantasiyası”, Dosent Burak İşık “Hepatosellulyar karsinomalar zamanı qaraciyər köçürülməsi”, Professor Adnan Saray “Ağciyər transplantasiyası”, dosent Turgut Pişkin “Böyrək transplantasiyası” mövzusunda çıxış ediblər.
Azərbaycanlı alimlər isə öz məruzələrində ölkəmizdə bu sahədəki vəziyyətlə bağlı məlumat veriblər. Professor Nuru Bayramov, ass. Ruslan Məmmədov Azərbaycanda canlıdan qaraciyər transplantasiyası sahəsində mövcud problemlərdən söz açıblar.
Konfransda həmçinin orqan transplantasiyasında infeksiya, anesteziya, transplantasiya olunan xəstələrdə virus hepatitləri barədə məruzələr səsləndirilib. Ümumilikdə mütəxəssislər dünyada, həmçinin Türkiyədə və Azərbaycanda orqan köçürülməsinin müasir problemləri barədə fikir mübadiləsi aparıblar.
Mənbə:> ANSPRESS