Doğuş zamanı çəkilişə görə 200 manat... - Bakıda
Bazar iqtisadiyyatı prinsiplərinə görə, təklif artdıqca rəqabət mühiti yaranmalı, qiymətlərdə fərq hiss olunmalıdır. Ancaq özəl klinikalar insanları soymağa davam edir. Bir sözlə, özəl müalicəxanalarda qiymətlər xəstəyə müalicə yox, çarəsizlik bəxş edir.
AZXEBER.COM xəbər verir ki, “Yeni Müsavat” qiymətlərlə daha yaxından tanış olmaq üçün bir neçə özəl klinikaya baş çəkib.
Bu klinikaların əksəriyyətində qeydiyyatdan keçmək 30 manat, həkim qəbulu 50 manat idi. İlk baş çəkdiyimiz “Atlas” Tibb Mərkəzində adi həkim müayinəsi 25, professor müayinəsi 60, ginekoloji müayinə 40 manata başa gəlir. Burada döş qəfəsinin rentgeni 15-25, sistem köçürmə 10 manat idi. Qanın ümumi analizi 7 manatdır. Qanda qlükozanın müəyyən olunması 4 manat, sidiyin ümumi analizi 7 manat, böyrək analizləri 35, QİÇS analizi 15 manata başa gəlir.
“Baku Medical Plaza” klinikasında isə qiymətlər adamı şoka salır. Qeyd edək ki, sözügedən xəstəxananın paytaxtın bir çox yerlərində VİP doğuşla bağlı reklamlarına rast gəlirik. Hətta bu cür reklam tibb müəssisəsinin saytında da var. Reklamda göstərilir ki, xəstəxanada doğum və qeysəriyyə olunmuş xəstələr üçün 4 tip otaqlar təklif olunur. VİP paketin qiyməti təbii doğuş üçün 1300 manat, qeysəriyyə üçün 1500 manatdır. Xanım pasiyentlərin həyat yoldaşının doğuşda iştirakına (200 manat), film və ya foto çəkilişlərinə (200 manat) icazə verilir. Kənardan fotoqraf gətirilməsi qadağandır. Zahılıq şöbəsinə kənardan yemək məhsulları və gül gətirilməsinə icazə verilir. VİP otaqlar bir nəfərlikdir, paketdən xaric yatış günü 100 manatdır.
Bundan əlavə, öyrəndik ki, əgər xəstənin yanında qalmaq istəsəniz buna görə də günə 100 manat əlavə ödəniş etməlisiniz. Həmçinin xəstəxanada lüks, ultra lüks və suit otaqlar da fəaliyyət göstərir. Təbii ki, onların da qiyməti bir-birindən fərqlənir. Belə ki, lüks otaqda qalmaq üçün VİP qiymətindən əlavə olaraq gündəlik 200 manat, paketdən xaric əlavə yatış günü üçün isə 300 manat ödənməlidir. Ultra lüks otaqda qalmaq isə VİP paket qiymətindən əlavə gündəlik 300 manat, əlavə yatış günü üçün isə 400 manat ödənilməlidir. Əgər tibb bacısının xüsusi olaraq yalnız sizin xəstənizlə maraqlanmasını istəyirsinizsə, buna görə də gündəlik 100 manat ödənilməlidir. Nəhayət, ən bahalı otaq sayılan suit otaqlarda qalmağın qiyməti 5 min manat, paketdən xaric əlavə yatış günü isə 500 manatdır.
Görünür ki, bu klinika yalnız varlı təbəqə üçün nəzərdə tutulub. Ya da rəhbərlik bu qiymətlərlə özünü reklam edərkən Azərbaycanda yaşayan əhalinin əksəriyyətinin kasıb təbəqədən olduğunu unudub.
“Oksigen” klinikasında (“Nərimanov” metrosunun yaxınlığında yerləşir) qeydiyyat pulsuz olsa da, pasiyent həkim müayinəsindən keçmək üçün 30, professor müayinəsindən keçmək üçünsə 50 manat ödəməlidir. Klinikanın qəbul şöbəsinin əməkdaşları dedilər ki, qiymətlərin yüksək olması həkimin elmi dərəcəsindən asılıdır. Klinikada qan analizi 8 manat, sidik analizi 7 manat, tomoqrafiya 50 manat, USM 50 manat, kardioqram 10 manat, qanda hepatit C-nin analizi 12 manatdır. Əməliyyatların qiymətini isə həkim müəyyənləşdirir.
Ümumiyyətlə isə özəl xəstəxanalardakı tibbi xidmətlər arasında ən bahalı olanı cərrahiyyə əməliyyatlarıdır. Xüsusilə ürək əməliyyatları orta hesabla 2000-8000 manat arasında dəyişir. Doğuş şöbəsindəki qiymətlər normal doğuşda 600-1000 manatla, qeysəriyyə əməliyyatı isə 1200-2000 manatla ölçülür. Qanın ümumi müayinələri orta hesabla 15-40 manat, ultrasəs müayinəsi 20-50 manat, tomoqrafiya müayinəsi isə 60-140 manatdır. Son zamanlar dəb halını alan plastik əməliyyatlar da özəl xəstəxanaların xidmətləri sırasındadır.
Ən geniş yayılan rinoplastika (burunun korreksiyası) əməliyyatıdır ki, bu da 1500-2500 manat arasında dəyişir. Təkcə xəstə qəbulu, məsləhət özəl klinikalarda 30-50 manata başa gəlir. Xəstəni qəbul edən həkim əcnəbi və ya elmi dərəcəlidirsə, bu qiymət hətta 150 manata qədər artır. Bunun müalicəsi, sonrası da var hələ. Əksər hallarda xəstəni qəbul edən həkim onu yersiz müayinələrə, analizlərə, USM və sairə aparatlardan keçməyə göndərir. Hər müayinəyə 30-50 manatdan ödəyən xəstəyə bir orqanın ağrımasına görə diaqnoz qoyulması orta hesabla azı 150 manatadək başa gələ bilər. Hələ kompüter tomoqrafiyası, hepatit C-nin yoxlanması və sairə bu kimi mürəkkəb müayinələri demirik.
Mənbə:> AZXEBER.COM