Gecikdirilmiş əmək haqları ilə bağlı rəsmi açıqlama
Respublikada işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsinin müsbət nəticələrindən biri kimi, iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları kəskin şəkildə azalıb.
ANS PRESS-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla verdiyi məlumata görə, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı aşkar olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği ötən ilin fevral ayı ilə müqayisədə 2,8 dəfə azalaraq 16 min 400 manat təşkil edib.
Bu vəsaitin 15421 manatı əmək haqlarından, 451 manatı zərərə görə ödənclərdən, 528 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Xidmət tərəfindən görülən konkret tədbirlər nəticəsində işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib.
Qeyd olunan dövrdə əmək müqavilələrinə qeyri-qanuni xitam verilmiş 2 nəfər öz əvvəlki işlərinə bərpa olunub.
Mənbə:> ANSPRESS