Nazirlik pulları ödətdirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işəgötürənlər tərəfindən 22 944 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.
ANS PRESS-in ƏƏSMN-ə istinadla verdiyi məlumata görə, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə vaxtlı-vaxtında ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmasını diqqətdə saxlayır.
DƏMX bu istiqamətdə həyata keçirdiyi tədbirlərin davamı olaraq, cari ilin avqust ayında işəgötürənlər tərəfindən ümumilikdə 22944 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işçilərə ödənilməsini təmin edib.
Qeyd olunan vəsaitin 19102 manatı əmək haqlarından, 2120 manatı zərərə görə ödənclərdən, 1722 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub.
Bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi iş yerlərində işçilərə əmək haqlarının və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının tədricən azalması ilə müşahidə olunur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği 18,2 faiz azalıb.
Mənbə:> ANSPRESS