Bakının Qaradağ rayonunda Əmək yarmarkası keçirilib – VİDEO+FOTO
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması üçün respublikanın bölgələrində Əmək yarmarkalarını davam etdirir.
Nazirlik tərəfindən növbəti Əmək yarmarkası dekabrın 17-də Bakı şəhərinin Qaradağ rayonunda, Ə.Əmirov adına Mədəniyyət Sarayında keçirilib. AzNews.info Nazirliyin mətbuat xidmətinə əsasən xəbər verir ki, yarmarkada işsiz və işaxtaran vətəndaşlara 22 müəssisə üzrə fəhlə və qulluqçu peşələri üzrə 473 boş (vakant) iş yeri təqdim olunub. Boş iş yerləri təqdim edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib. Tədbirdə boş iş yerlərinə göndərişlər verilib. Eyni zamanda peşə və ixtisası olmadığına görə münasib iş seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini (ixtisasını) dəyişməsi zəruri olan şəxslərin əmək bazarının tələblərinə uyğun peşə hazırlığına, habelə ayrı-ayrı şəxslərin müvəqqəti işlərə və ödənişli ictimai işlərə cəlb olunması üçün onların qeydiyyatı aparılıb.
ƏƏSMN tərəfindən cari ilin ötən dövründə ölkənin 59 rayon və şəhərində Əmək yarmarkaları keçirilib. Bu aktiv məşğulluq tədbirləri zamanı boş iş yerlərinə göndəriş verilən 5711 nəfər vətəndaşdan 84,5 faizi, yəni 4830 nəfəri işlə təmin olunub. Həmçinin bu tədbirlər zamanı 369 nəfər peşə hazırlığına, 204 nəfər ödənişli ictimai işlərə cəlb edilib.
Mənbə:> AzNews.info