Yunanıstanı avrozonadan qovmadılar, daha 86 milyard ayırdılar
Avrozona liderləri uzun sürən danışıqlaradan sonra Yunanıstana üçüncü yardım paketinin ayrılması məsələsi barədə yekdilliklə razılığa gəliblər.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə sammitin yekunlarına əsasən Avropa İttifaqı prezidenti Donald Tusk bildirib. Onun sözlərinə görə, Yunanıstana yardım proqramı üçün “hər şey hazırdır”.
Donald Tusk deyib ki, bu proqram ciddi islahatlar və maliyyə yardımını nəzərdə tutur.
Avropa Komissyasının başçısı Jan-Klod Yunker isə bildirib ki, Yunanıstanın avrozonadan müvəqqəti çıxarılması təklifi qəbul edilməyib.
Avrozona ölkələri liderlərinin Yunanıstan böhranı ilə bağlı danışıqları 17 saat çəkib və ötən gecədən bu gün səhərədək davam edib.
Almaniya kansleri Angela Merkel deyib ki, avrozona liderləri Yunanıstana üç il ərzində 86 milyard dollar borc verməyə razılaşıblar. Eyni zamanda sammitdə Yunanıstanın borc öhdəliklərinin yumşaldılması qərara alınıb, lakin bu ölkənin borclarının bir hissəsinin silinməsinə dair Afinanın müraciəti rədd edilib.
Yardım paketinin ayrılması üçün Yunanıstan parlamenti iyulun 15-nə dair iqtisadi islahatlar barədə qanunları qəbul etməlidir. Bundan sonra avrozona ölkələrinin milli parlamentləri yardım paketini səsə qoyacaq.
Mənbə:> Virtualaz.org