Yunanıstana dair yekun qərar bu gün veriləcək
Avroqrup (avrozona ölkələrinin maliyyə nazirlərinin şurası) Yunanıstan üzrə 9 saat davam edən və nəticəsiz yekunlaşan iclasından sonra planlaşdırılan mətbuat konfransını ləğv edib.
“Avroqrupun toplantısı sona çatıb, Yunanıstana dair yekun qərar Aİ-nin iyulun 12-də keçiriləcək sammitində veriləcək”.
AzNews.info-nun TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Maltanın maliyyə naziri Edvard Şikluna bildirib.
“Dolğun diskussiya aparıldı, Yunanıstana dair yekun qərarı artıq bu gün dövlət başçıları verəcək”, deyə o bildirib.
“Diskussiya bazar günü nazirlər və dövlət başçıları səviyyəsində davam etdiriləcək”, deyə nazir əlavə edib.
Qeyd edək ki, bu məlumatı həmçinin Avroqrupun sədri Yerun Deyselblum təsdiqləyib.
“Biz görüşümüzü yekunlaşdıraraq sabah 11.00-da (Bakı vaxtı ilə 14.00-da) davam etdirmək qərarına gəldik. Çox dolğun diskussiya aparıldı, diskussiya çox mürəkkəb keçir. Maliyyə dəstəyi və Yunanıstan tərəfinə etimad məsələləri hələ də açıq qalmaqdadır”, deyə Avroqrup rəhbəri bildirib.
Qeyd edək ki, Avroqrup bu gün saat 15.00-da (Bakı vaxtı ilə 18.00-da) Yunanıstana dair qərarını Aİ sammitinə təqdim etməlidir. Qurum çox çətin seçim qarşısındadır: ya Yunanıstana üçüncü yardım proqramının tətbiq edilməsini tövsiyə etməli, ya da ölkənin avrozonadan müvəqqəti, yaxud birdəfəlik kənarlaşdırılmasını nəzərdə tutan Yunanıstanın idarəolunan defolt proseduruna başlamalıdır.
Mənbə:> APA