Yük gəmisində Avropaya gedən 40 miqrant havasızlıqdan boğuldu
İtaliya Aralıq dənizindəki gəminin yük bölməsində 40-dən artıq adamın öldüyünü bildirib.
Hərbi donanmanın nümayəndəsi ölüm səbəbinin darısqal yük bölməsində yaranmış havasızlıqla bağlı olduğunu deyib.
Şənbə günü hərbçilər Liviya sahillərində saxlanılan gəminin sərnişinlərini evakuasiya etməyə başlayıblar.
İtaliyanın Ansa agentliyi bildirir ki, Liviyadan 21 dəniz mili məsafəsinə ayrılmış gəmidən həyəcan siqnalı daxil olub.
Məlumata əsasən gəmidə olan 400-ə yaxın adamdan 320 nəfər artıq evakuasiya edilib və “ölənlərin sayı dəqiqləşdirilir”.
BMT bu il Avropa sahillərinə çatmağa cəhd edərkən 2,000-dən artıq miqrantın öldüyünü bildirir.
Avropaya gəlmək istəyənlərin əksəriyyəti münaqişədən əziyyət çəkən Afrika və Yaxın Şərq bölgələrinin sakinləridir.
İyun ayında Avropa Komissiyası Aİ üzv dövlətlərini hazırda İtaliya və Yunanıstanda məskunlaşan 40 min Suriya və Eritreya mühacirinə sığınacaq verməyə səsləyib.
Avropaya gəlmiş miqrantların yenidən məskunlaşması üçün təklif edilən kvotalar bəzi Aİ dövlətlərində etirazla qaşılanıb.
Mənbə:> Virtualaz.org