AOK-un rəhbəri: Avropa Oyunlarını boykot etmək çağırışları iflasa uğrayacaq
Bakıda Birinci Avropa Oyunlarını boykot etmək çağırışları iflasa uğrayacaq, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki buna əmindi.
“Hər dəfə Olimpiya oyunları keçiriləndə hansısa dairələr onun boykot edilməsinə çağırırlar. Keçən dövr göstərdi ki, boykot çağırışları heç bir nəticə vermir və iflasa məhkum idilər”, - deyə, P.Hikki Avropa Oyunları Təşkilat Komitəsinin Bakıda keçirilən mətbuat konfransında bildirib, AzNews.info “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir.
O, Bakıdakı Avropa Oyunlarında xeyli sayda yüksək vəzifəli şəxslərin iştirak etməsindən mənmunluq ifadə edib.
“Fəxr edirəm ki, bu oyunlarda 50-yə yaxın milli olimpiya komitəsi iştirak edir, həmçinin açılış mərasiminə 40-dək dövlət və hökumət başçıları qatılacaqlar”, - deyə, o, bildirib və vurğulayıb ki, “bu, boykot çağırışlarının nəticəsiz olduğunu bir daha sübut edir”.
AOK-un rəhbəri Bakıda Avropa Oyunlarında iştiraka görə Ermənistana, erməni idmançılar üçün yaradılmış şəraitə görə isə Azərbaycana təşəkkür edib.
“Biz Bakıda Avropa Oyunlarına görə Ermənistana təşəkkür edirik. Biz həmçinin bu oyunlarda erməni atletlərinin iştirakı üçün yaradılmış şəraitə görə Azərbaycana minnətdarlığımızı bildiririk”, - deyə, P.Hikki bəyan edib.
Mənbə:> Interfax.Az