Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaponiya turizm sənayesinin nümayəndələrini qəbul edib
AzNews.info xəbər verir ki, 10 oktyabr 2016-cı il tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaponiya turizm sənayesinin nümayəndələrini qəbul edib. Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının Prezidenti Tadaşi Şimuranın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Yaponiyanın “Hankyu Travel İnternational Tokyo”, “Diamond-Big”, ““Hankyu Travel İnternational Osaka”, “R&C Tours”, “Spectacle Adventures”, “The Three B”, “JTB BWT” şirkətlərinin nümayəndələri daxildir.
Səfərin təşkil olunmasında əsas məqsəd Yaponiyada Azərbaycanın turizm imkanlarının geniş tanıdılması və təbliğidir. Görüşdə bu istiqamətdə müzakirələr aparılmış, ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları haqqında geniş məlumat verilmişdir.
Nazir Əbülfəs Qarayev qonaqlara ölkəmizin turizm imkanları, bu sahədə görülən işlər və gələcəkdə həyata keçiriləcək layihələr haqqında məlumat vermişdir. O elektron viza sisteminin tətbiqinin ölkəmizə gələn turistlərin daha asan viza əldə etməsinə şərait yaratmasından da söhbət açmışdır. Nazir Yaponiyanın ölkəmiz üçün mühüm hədəf bazarlarından biri olduğunu bildirmişdir.
Görüşdə həmçinin, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər haqqında qonaqlar məlumatlandırılmış, bu sahədə əməkdaşlıq əlaqələri, CNN, EURONEWS kimi nüfuzlu kanallarla iş aparıldığı qeyd olunmuşdur. Bununla yanaşı, Bakı, o cümlədən də regionların turizm infrastrukturu barədə məlumat verilmiş və gələcəkdə bu istiqamətdə əməkdaşlıq əlaqələrinin qurulmasından söhbət açılmışdır.
Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının Prezidenti Tadaşi Şimura Azərbaycana təşkil olunan səfərə və yüksək qonaqpərvərliyə görə Nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirmiş, gələcəkdə daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirmişdir.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Yaponiyanın turizm şirkətləri nümayəndələrinin iştirakı ilə Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının Prezidenti cənab Tadaşi Şimura tərəfindən “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” mövzusunda təqdimat keçiriləcəkdir.
Nümayəndə heyətinin paytaxt Bakı ilə yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonu ilə tanışlığı planlaşdırılır.
Mənbə:> AzNews.info