Əbülfəs Qarayev İndoneziyanın Xalq Konsultativ Konqresinin sədr müavini qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İndoneziyanın Xalq Konsultativ Konqresinin sədr müavini Osman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
AzNews.info xəbər verir ki, 08 sentyabr 2016-cı il tarixində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İndoneziyanın Xalq Konsultativ Konqresinin sədr müavini Osman Sapta Odanq, parlament nümayəndələri ,palatanın baş katibi və İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananienidən ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə Nazir Əbülfəs Qarayev İndoneziya ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin inkişafından və həyata keçirilən əməkdaşlıq layihələrindən söz açmışdır. Həmçinin, qeyd etmişdir ki, Azərbaycan mütəmadi olaraq İndoneziyada mədəniyyət və turizm sahələrində keçirilən beynəlxalq konfranslarda, sərgilərdə və bir sıra tədbirlərdə yaxından iştirak edir.
Fikir mübadiləsi zamanı Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən Azərbaycan üçün turizm baxımından prioritet hesab olunan ölkələr, o cümlədən İndoneziyadan gələn turistlərə hava limanlarında sadələşdirilmiş qaydada viza rejiminin tətbiq olunması haqqında söhbət açılmış və qarşılıqlı turist mübadiləsinin artırılmasının vacibliyi vurğulanmışdır.
Qəbula görə təşəəkkürünü bildirən sədr müavini Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş və gələcəkdə əlaqələrin daha da inkişafı üçün qısa zamanda hər iki ölkənin turizm assosiasiyaları arasında əməkdaşlıq memorandumunun hazırlanması ilə müvafiq işlərin aparılacağını bildirmişdir.
Mənbə:> AzNews.info