Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Əl-Fəcr” qəzetinin baş redaktorunu qəbul edib
AzNews.info xəbər verir ki, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan bu ölkənin “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsili mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qəbul etmişdir.
Qəbul zamanı Şərif Əl-Bəsili qeyd etmişdir ki, adıçəkilən qəzetdə Azərbaycanla bağlı geniş məqalələr hazırlanacaq və dərc olunacaqdır.
Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son zamanlar iki ölkə arasında bütün sahələrdə sıx əməkdaşlığın mövcud olmasını xüsusi vurğulamış və 2016-cı ilin ilk aylarından etibarən BƏƏ vətəndaşlarının turist kimi səfərlərinin kəskin şəkildə artdığını bildirmişdir. Eyni zamanda o qeyd etmişdir ki, Azərbaycan turizm ölkəsi kimi İran Körfəzi ölkələrindən olan turistlər üçün olduqca cəlbedicidir və ölkəmizdə mövcud olan turizm növlərindən ov turizmi, sağlamlıq turizmi, dağ xizək turizmi və s. növlərindən istifadə etmək imkanlarına malikdirlər. Təsadüfi deyildir ki, artıq 3 ildir BƏƏ-nin Dubay şəhərində Mədəniyyət və Turizm Nazirliyinin turizm nümayəndəliyi fəaliyyət göstərir və Azərbaycanın bu ölkədə və eləcə də digər İran Körfəzi ölkələrində təbliğat və təşviqat işləri həyata keçirilir.
Nazir Əbülfəs Qarayev eyni zamanda İslam mədəni irsinin qorunmasında ölkəmizin rolu haqqında geniş söhbət açmış və Azərbaycanın tarix və mədəniyyət abidələrinin Dünya İrs Nümunələri kimi qorunması ilə bağlı YUNESKO-nun Maddi Mədəni İrs Siyahısında yer aldığı haqqında məlumat vermişdir. Həmçinin ölkəmizdə müxtəlif dinlərin qorunması ilə bağlı aparılan işlər haqqında söhbət açan nazir, tolerant ölkə kimi dünyaya Azərbaycanı nümunə olduğunu qeyd etmişdir.
Yuxarıda qeyd olunan layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi fəaliyyətini qeyd etmişdir. Sonda Nazir Əbülfəs Qarayev İran Körfəzi ölkələrinin vətəndaşlarının Azərbaycana turist kimi səfərinin təşkili üçün sadələşdirilmiş viza rejiminin tətbiqini və hər bir turist uçun münbit şəraitin olmasını, ölkənin turistlər üçün rahat və təhlükəsiz olmasını qeyd etmiş, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının, həm də 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyət paytaxtı elan olunması tədbirlərini vurğulayaraq, ərəb turistlərinin növbəti illərdə sayının daha da artacağına inamını ifadə etmişdir.
Görüşün sonunda “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsili qəbula görə təşəkkürünü bildirmiş və Azərbaycanda olmasından məmnunluğunu ifadə etmişdir.
Mənbə:> AzNews.info