Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirini qəbul etdi
AzNews.info xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Mixael Kindsqrabı qəbul etmişdir. Görüşdə Azərbaycan və Almaniya arasında münasibətlərin perspektivləri, mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı üçün əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncamı və alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin YUNESKO-nun yubileylər proqramı daxil edilməsinin iki ölkə arasında münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin dərinləşməsində rolunu qeyd etmişdir.
Səfir Mixael Kindsqrab təşəkkürünü bildirmiş, bu addımın Almaniya və Azərbaycan arasında münasibətlərin dərinləşməsinə töhfə verəcəyindən əmin olduğunu bildirmişdir. Görüşdə həmçinin müxtəlif layihələr, turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Görüşün sonunda nazir Əbülfəs Qarayev səfir Mixael Kindsqrabı 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etmişdir.
Mənbə:> AzNews.info