Mədəniyyət və turizm nazirinin müavini Gürcüstanda mövcud olan alman irsi haqqında film çəkilişlərinin aparılması məqsədilə nümayəndə heyəti ilə görüşüb
AzNews.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixində Sərəncam imzalanmışdır.
Almaniya, Azərbaycan, Gürcüstan ölkələrinin təşəbbüsü ilə 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd olunması barədə YUNESKO tərəfindən qərar qəbul edilmişdir.
Bununla əlaqədar Azərbaycan və Gürcüstanda mövcud olan alman irsi haqqında film çəkilişlərinin aparılması məqsədilə alman kinorejissoru Fridhelm Brükner və onu müşayiət edən həmkarları Ortvin Henniq, Gunter Konrad və Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil Tseretelli 6 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın yanında təşkil olunmuş görüşdə iştirak etmişdirlər.
F.Brükner və O.Henniq çıxış edərək Azərbaycanın qərb hissəndə 200 il bundan əvvəl məskunlaşmış Alman köçkünlərinin tarix və mədəniyyətinin qorunması və gələcək nəsillərə çatdırılmasında mühüm işlərin həyata keçirilməsinə görə Azərbaycan Xalqına və Dövlətinə dərin hörmət və ehtiramlarını bildirmişlər.
Nazir müavini Sevda Məmmədəliyeva çıxış edərək qeyd etmişdir ki, üç ölkənin: Almaniya, Azərbaycan və Gürcüstanın birgə tarixinə həsr olunmuş bu filmin çəkilişi bütün xalqlar üçün böyük əhəmiyyət kəsb edir və Azərbaycanda xalqlar arası mövcud olan multikultural mühit və tolerantlıq bu filmdə öz əksini tapmalı və alman ictimaiyyətinə çatdırılmalıdır. Eyni zamanda Sevda xanım, çəkilişlərlə bağlı müvafiq tövsiyyələr vermiş, əlavə arxiv və foto materialların daxil olunması zərurətini bildirmişdir.
Mənbə:> AzNews.info