Yol polisi altı ayda sürücülərə 40 milyon manat cərimə yazıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayında azalma müşahidə olunub.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 13,4%, zərərçəkənlərin sayı isə 16,4% azalıb.
Zərərçəkənlərin 970 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 304 nəfəri isə həlak olub.
Yol-nəqliyyat hadisələrinin çox hissəsi (786) yaşayış məntəqələrində baş verib, nəticədə 1095 nəfər zərər çəkib, onlardan 192 nəfər həlak olub, 903 nəfər isə yaralanıb.
Bu ilin yanvar-iyun aylarında yol-hərəkəti qaydaları əleyhinə 1387,8 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6% çox inzibati xəta aşkarlanıb. Xətaların 51,8%-i yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması, 11,7%-i dayanma və ya durma qaydalarının pozulması, 5%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,4%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,3%-i yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Qaydaların pozulmasına görə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Mənbə:> Oxu.az