Beş sığorta şirkəti bağlanacaqmı? – RƏSMİ AÇIQLAMA
Maliyyə Bazarlarına Nəzarət Palatası yayılan məlumatları təkzib etdi.
Maliyyə Bazarlarına Nəzarət Palatası beş sığorta şirkətinin bağlanmasına dair Maliyyə Sabitliyi Şurasına müraciət etməsi barədə məlumatı təkzib edir.
Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov Oxu.Az-a bildirib ki, palata sığorta şirkətlərinin bağlanması üçün heç bir orqana müraciət etməyib.
“Bu barədə yayılan məlumat da əsassızdır”, - deyə R.Abbasov bildirib.
15:50
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların sağlamlaşdırılması ilə yanaşı, sığorta şirkətlərinin də sağlamlaşdırılması prosesinə başlayıb.
Bu barədə Oxu.Az Fins.az-a istinadən xəbər verir.
Belə ki, Palata beş sığorta şirkətinin -“Bakı Sığorta”, “Alfa Sığorta”, “Rəvan Sığorta”, “Başak İnam” və “Azərqarant Sığorta” şirkətlərinin lisenziyasının ləğvi ilə bağlı Maliyyə Sabitliyi Şurasına müraciət edib.
İyul ayının sonuna kimi sığorta şirkətlərinin lisenziyasının ləğvi ilə bağlı qərarın veriləcəyi bildirilir. Adı çəkilən şirkətlərin lisenziyaları ləğv edilsə də, sığorta brokeri və ya agenlik kimi fəaliyyət göstərmə seçimləri olacaq.
Qeyd edək ki, bundan əvvəl iyul ayının 22-də Palata dörd bankın (“Zaminbank”, “Dekabank”, “Kredobank” və “Parabank”) lisenziyasının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.
Mənbə:> Oxu.az