KİV: Məşhur sığorta şirkətlərindən biri fəaliyyətini dayandırıb
Azərbaycanın ən məşhur sığorta şirkətlərindən biri olan “Alfa sığorta” şirkəti fəaliyyətini dayandırıb.
AzNews.info xəbər verir ki, bu barədə fins.az-a sığorta bazarındakı mənbələr bildirib.
Məlumatda bildirilir ki, artıq iyunun 8-dən etibarən şirkət avtomobillərin icbari sığortası da daxil olmaqla digər sığorta növləri üzrə xidmətlərin göstərilməsini dayandırıb.
Bildirilir ki, şirkətin fəaliyyətinin dayandırılmasına səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının “Alfa sığorta”da apardığı yoxlamalar olub.
Yoxlama nəticəsində şirkətin kapital çatışmazlığı aşkar edildiyindən onun fəaliyyəti məhdudlaşdırılıb və yeni investor cəlb etmək tövsiyə edilib. Son məlumatlara görə, artıq şirkəti almaq istəyən investorlar da var və onlarla danışıqlar aparılır.
“Alfa sığorta”nın özündə bu məlumatları təkzib ediblər. Şirkətin idarə heyətinin sədri Camal Əliyev bildirib ki, şirkət hazırda fəaliyyətini davam etdirir:
“Şirkət fəaliyyətini normal şəkildə davam etdirir. Sığorta xidmətlərinin bütün növlərini göstəririk və öhdəliklərimizə də əməl etməkdəyik”.
C.Əliyev bildirib ki, hazırda şirkətin 60 əməkdaşı var, onların 40-ı Bakıda, 20-si isə regionlardadır. Şirkət rəhbəri “Alfa sığorta”nın sahibinin dəyişəcəyi və ya bura yen investor cəlb ediləcəyi barədə məlumatlardan da xəbərsiz olduğunu bildirib.
Maliyyə Bazarlarına Nəzarət Palatasında isə bu barədə ətraflı məlumat verməməyi üstün tuturlar. MBNP fins.az-ın sorğusuna cavab olaraq bildirib ki:
“Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta bazarının iştirakçıları ilə sıx əlaqədə çalışır və onların diaqnostikasını həyata keçirir.
Hazırda bazar iştirakçılarının sayı 26-dır və hər birində diaqnostika aparılır.
Sığorta bazarı iştirakçılarının fəaliyyətləri müvafiq qanunvericiliklərin tələblərinə uyğun olaraq yoxlanılır və Sığorta haqqında qanuna uyğun olaraq hər hansısa bazar iştirakçısının lisenziyası məhdudlaşırıldığı halda, bu qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və KİV-ə müvafiq məlumatlar veriləcəkdir”.
Mənbə:> Fins.az