Rusiyada azərbaycanlıya soyadsız yaşamaq icazəsi verildi
Kalininqrad şəhərinin Moskva rayon məhkəməsi vaxtilə Murmansk vilayətində yaşamış Etibar adlı azərbaycanlıya soyadsız yaşamaq icazəsi verib.
1957-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Etibar 56 il soyadsız yaşayıb. Amma vərəsəliklə bağlı sənədləri rəsmiləşdirmək istəyərkən problemlə üzləşib.
Oxu.Az “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, ailəsi nadir milli adətə görə ona soyad verməyib.
Onun doğum haqqında sənədi, habelə hərbi bileti soyadsız rəsmiləşdirilib. Etibar 2003-cü ildə Rusiya vətəndaşlığı alıb. Onun bütün sənədlərində soyad yeri boş olub.
Etibar yalnız 2013-cü ildə, həyat yoldaşı vəfat edəndən sonra problemlə üzləşib. Qadın ona mənzildən pay və pul miras qoyub.
“Notarius isə onun mirasını rəsmiləşdirməkdən imtina edib və hesab edib ki, pasport və nikah haqqında sənəddə soyadın olmaması qanunauyğun deyil. Nəticədə azərbaycanlı məhkəməyə müraciət edib”, - Kalininqrad şəhərinin Moskva rayon məhkəməsinin nümayəndəsi Olqa Kotova bildirib.
Məhkəmə Uşaqların hüquqları barədə konvensiyaya istinad edərək ərizəçini haqlı hesab edib.
Mənbə:> Oxu.Az