İsti havalarla bağlı əhaliyə xəbərdarlıq – VİDEO
Son günlər respublika ərazisində kəskin istilər davam edir. Hazırda temperatur kölgədə 40 dərəcəni göstərir. Belə havada isə günvurma halları da az deyil. Elə buna görə də həkimlər bir daha əhaliyə xəbərdarlıq edir.
Günvurma özünütərləmə, ürək döyüntülərinin artması, bədən temperaturunun bəzən 40 dərəcədən də çox olması, halsızlıq, kəskin susuzluq hissi, başağrısı, ürəkbulanma və s. ilə özünü göstərir.
Qarşısı alınmayan günvurma sonradan müalicə olunsa da, çox vaxt heç bir nəticə vermir. Bu da ya orqanizmdə müxtəlif fəsadlar törədir, bəzən isə ölümlə nəticələnir. İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir. Bədəndə mayenin səviyyəsi aşağı düşdükcə tərləmə dayanır və bədən özünü effektiv soyuda bilmir.
Bədənin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və digər vacib orqanlar öz fəaliyyət qabiliyyətlərini itirməyə başlayırlar. Həmçinin hava buraxmayan isti paltarlarda gəzmək günvurmaya səbəb ola bilər.
“Bu cür havada insanlar daha çox pambıq və kətan parçalardan hazırlanan, eləcə də açıq rəngli paltarlara üstünlük versinlər. Eyni zamanda insanlar baş geyimindən, həmçinin çətirdən istifadə etsinlər. Bundan başqa insanlar çalışsınlar ki, günəş şüası altında çox gəzməsinlər”, - deyə həkim Şəmsiyyə Namazlı bildirib.
Günvurmanın təsirinə daha çox artıq bədən çəkisi olanlar, yaşlı insanlar, uşaqlar, günün isti vaxtında açıq havada qalanlar, o cümlədən həddən artıq fiziki işlə məşğul olanlar məruz qalırlar.
Zərərçəkənə dərhal təcili yardım çağırılmalı ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda tibb müəssisəsinə çatdırmaq lazımdı.
Mənbə:> ANSPRESS