Səhiyyə Nazirliyi istilərlə əlaqədar əhaliyə xəbərdarlıq etdi
Səhiyyə Nazirliyi istilərlə əlaqədar əhaliyə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, həkimlər saat 12-dən 18-dək açıq havada olmaqdan çəkinməyi, orqanizmin su-duz mübadiləsini tənzimləmək üçün çoxlu maye qəbul etməyi, çimərliyə yalnız səhər saat 11-dək və axşam saat 19-dan sonra getməyi məsləhət görürlər.
Bu tövsiyələrə xüsusilə ürək-damar, endokrinoloji və nevroloji xəstəliklərdən əziyyət çəkənlər, hamilə qadınlar, uşaqlar və ahıllar əməl etməlidirlər.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Bakı və Abşeron yarımadasında iyulun 28-də havanın temperaturu gecə 21-26, gündüz 35-39 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 35-40 dərəcə isti olacaq.
Mənbə:> Oxu.Az