“ADEX 2014” başa çatdı
“ADEX 2014” adı altında Azərbaycanda keçirilən birinci beynəlxalq müdafiə sənayesi sərgisi öz işini başa çatdırıb.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, üç gün davam edən sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika və s. daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edib.
Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın səkkiz milli qrupu öz ekspozisiyalarını nümayiş etdirib. Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Azərbaycan milli pavilyonu müdafiə sənayesinin yeniliklərini nümayiş etdirib. 2009-cu ildə ilk dəfə qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi “ADEX 2014” sərgisində 168 adda məmulat nümayiş etdirib.
Sərgidə müdafiə sənayesi naziri Yavər Camalovun və nazirliyin digər rəsmilərinin sərgiyə qatılan şirkətlərin əksəriyyətinin nümayəndələri ilə ikitərəfli görüşləri olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Görüşlərdə ikinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisinə dəvətlər çatdırılıb.
Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin “ADEX 2014” sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edib.
Sərgini ziyarət edənlər arasında yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında Azərbaycan Texniki Universitetində yaradılmış xüsusi texnika və texnologiya fakültəsinin tələbələri də olublar.
Sərgiyə yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraq göstərilib.
Sərgi çərçivəsində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda konfrans keçirilib.
Mənbə:> AzVision.Az