Son model hərbi texnikalar Bakıya gətirilir
11-13 sentyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq 1-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” (“ADEX 2014”) sərgisi keçiriləcək.
ANS PRESS-in məlumatına görə, bu sərgi müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın güc və qüdrətinin böyük paradına çevriləcək. “ADEX 2014” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil edilir. Sərginin təşkilati tərəfdaşları “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləridir.
Hərbi sərginin keçirilməsi ideyası son illər müdafiə sənayesi sahəsində əldə olunan uğurlarla bağlıdır. Bütün sənaye sahələrində müşahidə olunan iqtisadi inkişaf sayəsində Azərbaycan həm regional, həm də beynəlxalq bazarlarda mühüm aparıcı fiqur və strateji tərəfdaşa çevrilib. Ölkə rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən layihələr regionda təhlükəsizlik və əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Həmçinin, Azərbaycanın hərbi sənaye kompleksi də bir sıra irimiqyaslı layihələr həyata keçirərək öz imkanlarını əsaslı şəkildə genişləndirib. Hazırda Azərbaycan 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi bir çox ölkələrlə hərbi-texniki əməkdaşlığı sürətlə genişləndirir. Hazırda hərbi sənaye elə bir səviyyəyə çatıb ki, bu cür sərginin keçirilməsi zərurət doğurur. Güclü dövlətə güclü ordu lazımdır. Azərbaycanın, eləcə də xarici eksponentlərin hərbi müdafiə sənayesi üzrə ən son nailiyyətlərini nümayiş etdirən “ADEX 2014” sərgisi də məhz bu konsepsiyanı özündə əks etdirəcək.
Azərbaycanın və xarici ölkələrin dövlət orqanları, biznes dairələri və sənaye strukturları tərəfindən “ADEX 2014” sərgisinə göstərilən böyük maraq bu tədbirin aktuallığını və region üçün əhəmiyyətini sübut edir. “ADEX 2014” sərgisində (Bakı Ekspo Mərkəzinin üç pavilyonunu tam əhatə etməklə) dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir. Belə ki, sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belarus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənirlər. Sərginin platin sponsoru Niderland Krallığının “Damen Shipyards Group” gəmiqayırma şirkətidir. Sərginin qızıl sponsoru qismində isə “Roketsan” (Türkiyə) şirkəti çıxış edir. “ADEX 2014” sərgisinə olan böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir.
Ümumiyyətlə, sənaye müəssisələrinin əldə etdiyi ən yeni nailiyyətlərin nümayişi altı tematik istiqamət üzrə həyata keçiriləcək: quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları; aviasiya və aviasiya silahları; hava hücumundan müdafiə üzrə sistem və vasitələr; xüsusi təyinatlı vasitələr və əmlak; informasiya texnologiyaları, rabitə sistemlər / vasitələri; ordunun inzibati və texniki təminatı; kosmik texnologiyalar. Sərginin kompleks ekspozisiyası dövlətin müdafiə maraqları çərçivəsində elmi-texniki potensialın gücləndirilməsinə xidmət etməklə yanaşı, yeni texnoloji proseslərin işlənib hazırlanması üçün də stimul olacaq.
Sərgini geniş işgüzar proqram müşayiət edir və bu proqramın mühüm hissəsini sənaye nazirlikləri, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə ikitərəfli görüşlər təşkil edəcək. 12 sentyabr tarixində “Jumeirah Bilgah Beach” otelində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusuna həsr edilmiş konfrans çərçivəsində müasir hərbi-texniki siyasət üzrə aktual məsələlər müzakirə olunacaq. Ümumilikdə isə konfransda 200-dən artıq mütəxəssis, hərbi ekspert, eləcə də dövlət strukturları və şirkət nümayəndələrinin iştirakı gözlənilir.
Beləliklə, “ADEX” sərgisi milli hərbi sənaye potensialının nümayişi, habelə hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələri, eləcə də ən yeni hərbi texnika növləri ilə tanışlıq və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından ən səmərəli meydançadır. Bu cür ixtisaslaşdırılmış sərginin keçirilməsi Azərbaycanda hərbi sənayesinin inkişafına təkan verməklə yanaşı, ölkədə istehsal edilən hərbi məhsulların dünya bazarında rəqabətə davamlı olmasına da öz töhfəsini verəcək.
Mənbə:> ANSPRESS