Yunanlara pul almaq üçün 7 ağır şərt qoyuldu
Yunanıstan millət vəkilləri üçüncü yardım paketini almaq üçün tələb edilən iqtisadi islahatları müzakirə edirlər.
Növbəti 3 il ərzində 86 milyard avro məbləğində yardım paketini almaq istəyən hökumət sərt qənaət tədbirlərinə əməl etməlidir.
Yunanıstanla kreditorlar arasında əldə olunmuş razılaşma o cümlədən vergilərin artırılması və təqaüd yaşının qaldırılmasını nəzərdə tutur.
Beynəlxalq Valyuta Fondu (BVF) avrozonanın Yunanıstana yeni iqtisadi yardım planı ilə bağlı razılaşmanı tənqid edib.
Təşkilatın bildirdiyinə görə, Yunanıstanın dövlət borcu indi “həddən artıq dayanıqsızdır”.
Çərşənbə axşamı BVF avroqrup maliyyə nazirlərinə verdiyi məsləhətləri ictimailəşdirib.
Məsləhətlərdə Yunanıstanın borclarının bir hissəsinin silinməsi təklifləri də yer alıb.
Ölkənin borcları ilə bağlı böhranın həllində BVF və Yunanıstanın kreditorları arasında fikir ayrılığı əvvəl də olub. Lakin bu ilk dəfədir ki, anlaşılmazlıq ictimailəşdirilir.
BVF rəsmilərindən birinin sözlərinə görə, üçüncü yardım paketi üçün maliyyə yalnız Avropa İttifaqı (Aİ) kreditorlarının “aydın plan” təqdim etməsindən sonra mümkün ola bilər.
Bu gün Yunanıstan parlamentində üçüncü yardım planı ilə bağlı iqtisadi islahatlara dair səsvermə keçiriləcək.
Yunanıstan borclarının təxminən 10 faizini BVF-yə ödəməlidir. O, iki dəfə bu ödəmə üçün son tarixi qaçırıb və bunu edən ilk Aİ ölkəsidir.
Çərşənbə gününə qədər keçməli olan qanunlar:
-Avrozona sammiti bəyanatının ratifikasiya edilməsi;
-ƏDV dəyişiklikləri: emal edilmiş qidalara, restoranlara və s. 23 faiz əlavə vergi... təzə ərzağa, enerji istiqrazlarına, su və otel gecələmələrinə 13 faiz, 6 faiz isə dərman və kitablara;
-Adalarda 30 faiz ƏDV güzəştləri ləğv edilməlidir, lakin ucqar adalarda güzəştlər gələn ilə qədər davam edir;
-Kiçik şirkətlərə korporasiya vergisi 26 faizdən 29 faizə artırılır;
-Böyük maşınlara, qayıqlara və hovuzlara lüks vergilər 10 faizdən 13 faizə, fermer vergiləri 13 faizdən 26 faizə artırılır;
-Erkən təqaüdlərə son, təqaüd yaşı 67-ə qaldırılmalıdır;
-Yunanıstanın statistika idarəsi Elstat tam qanuni müstəqillik əldə edir (BBC).
Mənbə:> Virtualaz.org