Ankara Moskva ilə “Türk axını” danışıqlarını dayandırır: Azərbaycanın etirazı, yoxsa...?!
Xəbər verildiyi kimi, Türkiyənin energetika naziri Taner Yıldız Rusiyaya bu günə nəzərdə tutulan kritik səfərini qəfil ləğv edib.
Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, Taner Yıldızın BOTAŞ-ın icraçı direktorunun səlahiyyətlərini icra edən Mehmet Konukun müşayiəti ilə Rusiyaya səfəri, Sankt-Peterburqda işə başlayan Beynəlxalq İqtisadi Forum çərçivəsində bu ölkənin energetika naziri Aleksandr Novak və “Qazprom” rəhbəri Aleksey Millerlə danışıqları nəzərdə tutulmuşdu.
Danışıqlar prezidentlər Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında iyunun 13-də Bakıda keçirilmiş danışıqların davamı idi. Həmin görüşdə Putinlə Ərdoğan “Türk axını” qaz kəməri layihəsinə dair müzakirələr aparmışdılar.
Rusiya mənbələri xəbər verib ki, Türkiyə tərəfi bu layihəyə dair əvvəl əldə edilmiş razılaşmalara sadiqdir və kəmərin Türkiyə hissəsinin marşrutu dəqiqləşdirilib.
Türkiyənin enerji çevrələrindəki qaynaqlar bildirir ki, Rusiya “Türk axını” kəmərinə dair Türkiyə ilə ikitərəfli razılaşmanın bu ayın sonuna qədər imzalanmasında israr edir. “Qazprom”un gözləməyə vaxtı yoxdur. Rusiyanın qaz nəhəngi 2018-ci ildən Ukrayna üzərindən qaz tranzitini dayandıracağını elan edib və bu dəhlizlə nəql olunan bütün qazı “Türk axını”na yönəldəcəyini bəyan edib. Və “Qazprom” Türkiyə ilə ikitərəfli razılaşmanın imzalanmasını gözləmədən Qara dənizin dibindən kəmərin çəkilməsi üçün işlərə başlayıb.
Lakin Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərində AKP-nin hakim çoxluğu itirməsi vəziyyəti mürəkkəbləşdirib. Məlum olduğu kimi, AKP təkbaşına hökumət formalaşdıra bilmir,koalision hökumət isə kifayət qədər çətin iş kimi görünür.
“Milliyet” qəzetinin yazdığına görə, hazırda Türkiyə hökumətində hesab edirlər ki, “Türk axını” razılaşmasını yeni hökumətin öhdəsinə buraxmaq lazımdır. Çünki indiki müvəqqəti hökumət belə razılaşma imzalasa, gələcəkdə onun şübhə altına alınması baş verə bilər.
Digər tərəfdən, mənbələr Azərbaycanın da “Türk axını” layihəsindən narahat olduğunu və bu narahatlığın Türkiyə tərəfinə çatdırıldığını deyirlər. Üstəlik ABŞ və Avropa İttifaqı “Türk axını” layihəsinə qarşıdır, Yunanıstan və Balkan ölkələrini Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP-a dəstək verməyə çağırır.
Türkiyənin tərəddüdlərinə səbəb olan növbəti amil isə Rusiyanın bu ölkəyə satdığı qazın qiymətində gözlənilən səviyyədə endirimə getməməsi hesab edilir.
Mənbə:> Virtualaz.org