Səfir Çijov: ““Türk axını” Avropanın əsas qaz mənbəyi olacaq”
Rusiyanın Avropa İttifaqı yanındakı daimi nümayəndəsi Vladimir Çijov bəyan edib ki, mübahisəli “Türk axını” kəməri layihəsi Avropanın əsas qaz təchizatı mənbəyinə çevrilə bilər.
“Aydındır ki, Türkiyə sərhədini keçəndən sonra qaz kəməri artıq “Türk axını” adlanmayacaq. Hesab edirəm ki, bu layihənin Avropa üçün əsas qaz təchizatı mənbəyinə çevrilmək üçün yaxşı şansları var”- deyə səfir jurnalistlərlə söhbətində bildirib.
Virtualaz.org saytı xəbər verir ki, Rusiya səfiri Makedoniya və Serbiyanın “Türk axını” kəmərinə qoşulmaqla bağlı mövqelərini dəyişməsindən narahat deyil.
“Burada dramatik heç nə yoxdur. Məsələ Avropa Komissiyası ilə Makedoniya hökuməti arasında müzakirə ediləcək. Mən hesab edirəm ki, müəyyən sağlam düşüncə elementi var. Əlbəttə, ölkə Avropa İttifaqına üz tutubsa, onun mövqeyini iqnor edə bilməz”- deyə səfir bildirib.
Çijov hesab edir ki, Serbiyanın da “Türk axını”ından imtina etdiyini demək hələ tezdir: “İstənilən qaz kəməri layihəsini həyata keçirmək üçün bir neçə komponenti bir araya gətirmək lazımdır: qaz, pul vəsaiti, həmçinin layihəyə qoşulan ölkələrin siyasi iradəsi. Bu komponentləri bir araya gətirmək həmişə asan olmur”.
Mənbə:> Virtualaz.org