Doqquz ölkə tələb etdi: BMT TŞ-ın fövqaladə iclası çağırıldı – YENİLƏNİB
Doqquz ölkə Suriyada kimyəvi hücum iddiaları ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə görüşünün keçirilməsinin zəruriliyi vurğulayıb.
TASS-ın verdiyi məlumata əsasən, bu barədə Böyük Britaniyanın BMT-dəki Daimi Nümayəndəliyi bildirib.
"Böyük Britaniya, Fransa, ABŞ, Polşa, Niderland, İsveç, Küveyt, Peru və Kot-d'İvuar Suriyada kimyəvi hücum iddiaları ilə bağlı BMT TŞ-in fövqaladə görüşünün keçirilməsini istəyiblər. Görüş, gözlənildiyi kimi, bazar ertəsi keçiriləcək", - deyə daimi nümayəndəliyin "Twitter" sosial şəbəkəsində yerləşdirdiyi məlumatında bildirilir.
**
Rəsmi Paris Şərqi Qutada kimyəvi silahın tətbiqini qəti şəkildə pisləyib və BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını tələb edib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-İva Le Drianın bəyanatında belə deyilir.
Nazirin açıqlamasında qeyd edilir ki, kimyəvi silahın tətbiqi hərbi cinayət və beynəlxalq rejimin pozulmasıdır. Fransanın XİN rəhbəri tezliklə BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını və Şərqi Qutadakı vəziyyətin müzakirə edilməsini tələb edib.
Son məlumatlara görə, Şərqi Qutada, Dumada kimyəvi silahın tətbiqi nəticəsində 80 nəfər ölüb. Onların arasında dinc sakinlər, o cümlədən qadınlar, uşaqlar da var. Bir sıra ölkələr hadisəni qəti şəkildə pisləyiblər.
Yeri gəlmişkən, Rusiya Suriyanın kimyəvi silahdan istifadəsi barədə yayılan məlumatı təkzib edib.
Mənbə:> TASS