Kreml Ərdoğanın məktubu ilə qarışdı – İstanbul bir anda "Konstantinopol" oldu
Ötən ilin 24 noyabrında Türkiyə hərbi aviasiyasına məxsus “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurduqdan sonra iki ölkə arasında gərgin münasibətlər yarandı.
Təbii ki, bu, hər iki ölkəyə mənfi təsirini göstərdi. Hadisədən sonra bu il yanvarın 1-dən Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoyub, çarter reyslərini ləvğ edib, eyni zamanda, birtərəfli qaydada vizasız rejimin fəaliyyətini dayandırıb. Rusiya həmçinin öz vətəndaşlarına şirkətlərinə türk vətəndaşlarını işə götürməyi də qadağan edib. Bundan əlavə Rusiya Xarici İşlər Nazirliyi vətəndaşlarını Türkiyəyə turist səfərlərindən çəkinməyə çağırıb. Qeyd edək ki, ötən il Türkiyəyə 3,2 milyondan çox rus turist gəlib. Bu il isə Türkiyəyə gələn rus turistlərin sayında azalma müşahidə olunur. Bu haqda əvvəlki yazımızda da ətraflı məlumat vermişdik.
Rusiya Günündə isə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Vladimir Putinə məktub ünvanlayıb. O, məktubunda türk xalqı adından rus vətəndaşlarının Rusiya Gününü təbrik edib və bildirib ki, tezliklə ölkələrimiz arasında münasibətlərin normallaşacağına ümid edir. Bu, iki ölkə arasında gərginlik yaranandan sonra Ərdoğanın Putinə ünvanladığı ilk rəsmi məktub idi.
Ancaq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Vladimir Putinə məktubu ənənəvi protokol göndərişidir, bu məktuba cavab vermək tələb olunmur: “Milli bayramlar münasibəti ilə ənənəvi olaraq belə göndərişlər olur. Bu protokoldur və beynəlxalq münasibətlərdə sadə təcrübədir. Təəssüflər olsun ki, bu göndərişdə hansısa digər məzmunlu anlar yox idi".
Peskov bildirib ki, ölkələr arasındakı mürəkkəb diplomatik münasibətlər heç vaxt məktub mübadiləsinin kəsilməsi üçün bəhanə olmur: "Bəzən məktublar gəlir, bəzən gəlmir. Bu, vəziyyətdən asılıdır. Bu il məktub gəldi. Çünki bu, Türkiyə bizim təyyarəyə hücum edəndən sonra birinci milli bayram günü idi".
Digər maraqlı bir məqam isə Rusiyanın 2013-cü ilin iyulundan Türkiyədəki səfiri olan Andrey Karlov Rəcəb Tayyib Ərdoğanın iftar mərasiminə dəvət alıb və Prezident Sarayında təşkil olunan mərasimə qatılıb. Bütün bunlar təxminən 1 ilə yaxındır Rusiya ilə Türkiyə arasında yaranan gərgin münasibətlərin normallaşacağı iddialarına səbəb olub. Politoloq Arzu Nağıyev ATV.az-a açıqlamasında bildirib ki, bu, protokol qaydası kimi Ərdoğanın Vladimir Putinə ünvanladığı təbrik məktubu idi:
- Bir-birinə düşmən olan, diplomatik münasibətləri çox kəskin olan dövlətlər belə elə anlarda istər başsağlığı, istər təbrik formasında protokol qaydasına uyğun olaraq məktub göndərirlər. Amma bu, təbii ki, Ərdoğan tərəfindən atılmış jest idi. Rusiya ilə Türkiyə arasında diplomatik münasibətlər mövcuddur və hər iki dövlətdə bir-birinin səfirləri var. Hətta Rusiyanın Türkiyədəki səfiri Ramazan ayı ilə əlaqədar verilən iftar yeməyinə də dəvət olunub. Bunların hamısı sırf protokol qaydalarındadır. Üzr istəyib-istəməmək məsələsinə gəldikdə düşünürəm ki, iki dövlət qarşısındakı ambisiyalardan irəli gələn məsələdir.
Yenə də Rusiya təyyarənin vurulmasını həzm edə bilmir, bir sıra öz problemləri var - həm siyası, həm hərbi, həm iqtisadi baxımdan gərginlik var. Proqnoz vermək iqtidarında olan şəxs kimi onu deyə bilərəm ki, bunun sonu yoxdur, təbii ki, əvvəl-axır iki dövlət arasında yenidən normal münasibət yaranacaq. Prezidentlərin öz aralarında münasibətləri nə qədər gərgin olsa da bundan ən çox əziyyət çəkən həm Türkiyənin iqtisadiyyatıdır, turizmidir, eyni zamanda Rusiyanın ərazisində olan bir sıra türk şirkətlərinin biznesləridir. Və əksinə Rusiyada böyük zavodları, fabrikləri olan türklər oradan imtina etmişdi. Bu isə həm işsizliyin artması, həm də digər problemlərə gətirib, çıxarıb. Düşünürəm ki, əvvəl-axır iki ölkə arasında münasibət gərginliyi aradan qaldırılacaq.
- Sizin də qeyd etdiyiniz kimi, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ərdoğanın Prezident Sarayında təşkil etdiyi iftar mərasiminə dəvət aldı. Bunu da sadəcə protokol qaydası kimi qəbul etmək lazımdır, yoxsa həqiqətən münasibətlərin normallaşmasına üçün atılan addımdır?
- Təbii ki, bunlar münasibətlərin normallaşması üçün atılan addımlardır. Elə dövlətlər var ki, onlar bu addımı atmaqdan imtina edir. Ancaq bunu bir jest kimi qəbul etmək olar ki, müsbət istiqamətdə onların münasibətləri düzəlsin.
- Məktub məsələsi elə bir zamana təsadüf etdi ki, Avropada Türkiyəyə qarşı münasibət nisbətən dəyişib, xüsusilə də Almaniyanın qondarma soyqırım qətnaməsini qəbul etməsini də bura aid etmək olar. Belə bir zamanda Türkiyənin Rusiya prezidentinə məktub ünvanlaması müəyyən suallar doğurdu. Bu məsələnin həqiqətən də bir-birinə bağlılığı varmı?
- Düşünmürəm ki, bu iki məsələnin bir-biri ilə bağlılığı ola. Çünki Almaniyanın qondarma soyqırım qətnaməsini qəbul etməsi gözlənilən idi. Almaniya dövlətinin belə bir addım atması Türkiyə rəhbərliyinin verdiyi bəyənatlara qarşı bir jest idi. Hətta türk əsilli deputatların bu qərarın lehinə səs verməsi ilə almanların öz dövlətləri və dövlətçilik prinsipləri olmasını və Türkiyənin ümumiyyətlə gələcəkdə Avropa İttifaqına üzv olmaması üçün müəyyən bir siyasi addım idi.
Yəni, bu məsələ ilə Rusiyaya göndərilən məktub arasında dəqiq paralellik görmürəm. Almaniya da unutmur ki, ərazisində 3 milyona yaxın türk əsilli seçicilər var. Hətta siyasi partiyaya liderlik edənlər də var. Bunlar NATO-da birgə təmsil olunurlar. Əvvəl-axır bir addım atılacaq. Düşünürəm ki, almanların bu məsələdə böyük səhvi olub. Ümumiyyətlə gələcəyi fikirləşəndə Osmanlı İmperiyasından almanların birgə müttəfiq olmaları ortaya çıxanda, gələcəkdə almanlar onlara təzminat ödəməlidilər. Yəni, bunlar siyasi məsələlərdən doğan məsələlər idi.
Sadəcə olaraq, onların bu addımı Türkiyənin siyasəti ilə razılaşmamaq və onu öz yerinə oturtmaqdan ibarət idi. Eyni zamanda, unutmaq lazım deyil ki, Almaniya kansleri ilə Rusiya prezidenti arasında nə qədər isti münasibətlər olsa da bu gün sanksiyalar tətbiq olunur və sanksiyaların aradan götürülməsi istiqamətində almanlar heç bir addım atmır. Bu, siyasətdir və nəticəsi də belədir, xarici siyasətdə dost, qardaş olmur, ümumi maraqlar olur.
- Son olaraq, bir məsələyə fikir bildirməyinizi istəyərdim. Sankt-Peterburq şəhərinin qanuverici orqanının deputatı Vitali Molonov baş nazir Dmitri Medvedevə məktub göndərib. Məktubda bildirib ki, Rusiya ərazisində dərc olunan xəritələrdə İstanbulun adı Konstantinopol olsun. Məqsəd nədir? Belə bir şey həqiqətən də reallaşa bilər?
- Bu, Rusiya tərəfindən birinci və sonuncu addımlar deyil. Hər bir deputanın, məclis üzvünün öz fikri də ola bilər. Yadınızdadırsa, Qars müqaviləsinə yenidən baxılması haqqında iddialar qaldırılmışdı. Lakin dünyəvi qanunlar var, beynəlxalq hüquq normaları var, Birləşmiş Ştatlar tərəfindən qəbul olunmuş qanunlar var. Öz aralarında Konstantinopol deyə bilər, ancaq təbii ki, dünya bunu qəbul eləmir. İstanbul böyük türk dövlətinin paytaxtı olub, indi də ikinci şəhəridir. Düşünürəm ki, bu, deputatın öz istəyi və arzusu ola bilər, bundan o tərəfə gedə bilməz.
Mənbə:> ATV.az - Günay Məryəm