Nazir: Rusiya və Türkiyə arasında münasibətlər Azərbaycan üçün arzu olunan deyil
Həm Türkiyə, həm də Rusiya ilə münasibətlər demək olar ki, bütün sahələr üzrə dinamik olaraq inkişaf edir və Azərbaycan hər iki ölkə ilə münasibətlərin dərinləşməsinə xüsusi əhəmiyyət verir.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “The Business Year" jurnalına müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanın strateji müttəfiq kimi Türkiyə və strateji tərəfdaş kimi Rusiya ilə münasibətlərinin tarixi kökləri var və imzalanmış sənədlərin həcmi, eləcə də müntəzəm qarşılıqlı səfərlər güclü münasibətlərin daha bir sübutudur.
“Təəssüflər olsun ki, döyüş təyyarəsi ilə bağlı insident iki ölkə arasında münasibətlərə mənfi təsir etdi. Rusiya və Türkiyə arasında münasibətlərin hazırkı durumu heç bir halda Azərbaycan üçün arzu olunan deyil. Deməyə ehtiyac yoxdur ki, həm Türkiyə, həm də Rusiya Cənubi Qafqaz və onun hüdudları xaricində təhlükəsizlik və sabitliyin təmin edilməsində vacib rol oynayır”, deyə E. Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, Azərbaycan bütün mümkün vasitələrlə hər iki ölkə ilə münasibətlərin möhkəmləndirilməsində maraqlıdır:
“Ümid edirik ki, birgə səylərin nəticəsi olaraq Türkiyə və Rusiya arasında münasibətlər dialoq və qarşılıq anlayış yolu ilə normallaşacaq”.
Mənbə:> APA