İsrailin Azərbaycana doğru atdığı bu addım Ermənistanı təşvişə saldı
İsraillə Azərbaycan arasında çox yüksək münasibətlər mövcuddur. Avigdor Libermanın İsrailin müdafiə naziri seçilməsinin bu münasibətlərə daha da müsbət təsir edəcəyinə şübhə yoxdur. Təbii ki, bu, ermənilərdə də qıcıq yaratmaya bilməz. Digər müsbət hal da budur ki, Türkiyə ilə İsrail arasında 2010-cu ildən yaranan gərgin münasibətlər nisbətən normallaşmağa doğru gedir. Başqa bir məsələ isə Almaniya-Türkiyə münasibətlərinin aktuallaşmasıdır.
Bütün bunlarla bağlı, İsrail-Azərbaycan, eyni zamanda beynəlxalq münaqişələr üzrə tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəsi Arye Qut ATV.az-a müsahibə verib.
- Bildiyiniz kimi, Almaniya qondarma "soyqırım" qətnaməsini qəbul etdi. Nəzərə alaq ki, almanlar özləri yəhudilərə qarşı soyqırım törədib, belə bir qətnamənin qəbul edilməsi qeyri-adi qəbul edilir. Bu iki hadisə Türkiyə ilə İsrail münasibətlərində özünü necə biruzə verə bilər?
- Ümumilikdə, Türkiyə-İsrail arasında münasibətlər bir neçə müddətdir ki, çox ağır vəziyyətdədir, artıq 6 ilə yaxındır. Ancaq indi iki ölkə arasında münasibətlər düzəlmək üzrədir. Amma mən bu iki məsələni bir-biri ilə bağlamazdım, çünki ayrı-ayrı məsələlərdir. İki ölkə arasındakı münasibətlər ümumilikdə region üçün çox önəmlidir. Bildiyiniz kimi, Yaxın Şərqdə həm İŞİD-lə bağlı vəziyyət, həm də digər məsələlərlə bağlı problem çox böyük gərginliklər yaradır. İnanıram ki, Türkiyə-İsrail münasibətləri tezliklə düzələcək. Almaniyada qəbul olunmuş qərar aydındır ki, Türkiyəyə qarşı yönəlib. Önəmlisi budur ki, Almaniyada olan türk lobbisi, türk diasporası faəliyyət göstərir, orada hazırda 5-6 milyon türk yaşayır. Amma bu qərarın qəbul edilməsi onu göstərdi ki, bu məsələdə türk lobbisi heç bir şey edə bilmədi. Türkiyə - İsrail münasibətlərini Almaniya məsələsinə qatmazdım, amma mən sizinlə bu məsələdə razıyam ki, Almaniya özü vaxtilə yəhudilərə qarşı 6 milyonluq Holokost soyqırımını edib. Bu cür işlər törədən Almaniya bu gün Türkiyəyə dərs oxuyur. Bununla bağlı paradoksal bir vəziyyət yaranır.
- Almaniya ilə Türkiyə arasında yaranan problem belə iddialar ortaya çıxarır ki, Azərbaycan-Türkiy-İsrail üçbucağı yarana bilər. Yəni ki, digər dövlətlərlə olan münasibətlər baxımından. Bu üçbucaq həqiqətən də yarana bilərmi?
- Mən buna inanmağı çox istəyərdim. Azərbaycanla-İsrail arasında sözsüz ki, siyasi dialoq mövcuddur və bu dialoq çox yüksək səviyyədə həyata keçirilir. Amma Türkiyə ilə hələ ki, bunu deyə bilmərəm. Ona görə ki, Türkiyə ilə İsrail arasında hələ də mövcud problemlər var. Türkiyənin tələbləri də var ortada, İsraillə problemlər mövcuddur. Ona görə düşünürəm ki, bu üçbucağın yaranacağını demək tezdir. İsraillə Türkiyə arasında baxmayaraq ki, normallaşma prosesi baş verir, bunu həm Türkiyədə, həm də İsraildəki ekspertlər deyir ki, normallaşma prosesi başlasa da, iki ölkə arasında "Mavi Marmara” hadisəsindən öncəki münasibətləri bərpa etməyə vaxt lazımdır.
- Azərbaycanın dostu kimi tanınan Avigdor Libermanın İsraildə müdafiə naziri seçilməsinin Qarabağ mövzusuna təsiri nə ola bilər? Və münaqişə sülh yolu ilə həll olunmasa, müharibə baş versə, İsrailin mövqeyi necə olacaq?
- İsrail 1992-ci ildən bu yana Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir. İsrail Azərbaycanın strateji dostudur, bunu hər zaman da deyir. Bu, həm baş nazir səviyyəsində deyilib, indi də müdafiə naziri səviyyəsində deyilir. Hesab edirəm ki, Libermanın bu gün müdafiə naziri olması Azərbaycan üçün çox yaxşı şərait yaradıb. Aydındır ki, İsraildə yaşayan erməni diasporasında, ümumiyyətlə Ermənistanın özündə bir panika yaratdı ki, Azərbaycanın dostu olan Liberman İsrailin müdafiə naziridir. İsrail-Azərbaycan münasibətləri heç də üçüncü tərəfdən, Ermənistandan asılı deyil. İsraillə Azərbaycan arasında çox gözəl siyasi dialoq, iqtisadi, ticarət əlaqələri mövcuddur. Eyni zamanda da hərbi-siyasi baxımdan da bu əlaqələr mövcuddur və demək olar ki, son aprel hadisələri onu göstərdi ki, Azərbaycan ordusunda İsrail texnologiyasından yüksək səviyyədə istifadə olundu. Bu da aydındır ki, Ermənistanı qorxudur, ermənilər panika yaşayır. Bu, bir tərəfdən də onu göstərir ki, bugünki Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Bugünkü Azərbaycan güclü Azərbaycandır, çox güclü ordusu var. Azərbaycanın ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Bir şeyi tam açıq deyim ki, İsrail hər zaman Azərbaycanın yanındadır. Bunu tək mən yox, İsraildə olan rəsmi adamlar da deyir, həm xarici işlər naziri səviyyəsində, həm də İsrailin hazırki müdafiə naziri olan Liberman səviyyəsində.
- Avigdor Libermanın müdafiə naziri seçilməsi İsrail-Azərbaycan münasibətlərinin bundan sonra daha da yaxşı olacağını göstərir. Ümumiyyətlə, iki ölkə arasındakı isti münasibətlər erməni lobbisinin etirazına, təzyiqinə səbəb oldumu?
- Bu, açıq-aydın göstərdi ki, İsraildə olan erməni lobbisi çox böyük panika yaşadı. Onu deyə bilərəm ki, ermənilər hər il 24 aprel günü Türkiyə səfirliyi qarşısında qondarma genosid gününü qeyd edirlər. Bu il ilk dəfə olaraq, onlar 24 aprel günü genosid haqqında çox danışmadılar, İsrail-Azərbaycan hərbi-siyasi əlaqələrindən danışdılar. Və tələb edirdilər ki, İsrail Azərbaycanla bütün hərbi-siyasi əlaqələri dondursun. Amma İsrailin Cənubi Qafqazda müstəqil siyasəti var. Və bu müstəqil siyasətdə Azərbaycanın yeri çox önəmlidir. Azərbaycan İsrailin xarici siyasətində önəmli və strateji yer daşıyır. Hesab edirəm ki, İsrail Azərbaycan üçün nə qədər strateji önəm daşıyırsa, Azərbaycan da İsrail üçün Cənubi Qafqazda strateji xarakter daşıyır. İsrail-Azərbaycan münasibətləri yalnız hərbi-siyasi-iqtisadi əlaqələr səviyyəsində formalaşmayıb, eyni zamanda burda insani əlaqələr də var. Bu gün İsraildə 70 min Azərbaycan kökənli əhali yaşayır, Azərbaycanda da 25 minə qədər Azərbaycan yəhudisi yaşayır. Bunun özü göstərir ki, dövlətlər arasında münasibətlər tək siyasi-iqtisadi-hərbi səviyyədə deyil, eyni zamanda insani körpü mövcuddur. İnsani körpü olan zaman heç bir qüvvə, o cümlədən Ermənistan İsrail-Azərbaycan münasibətlərinə təsir edə bilməz.
- Son olaraq, istəyərdim bir məsələyə də aydınlıq gətirək. İsraildə qaz ehtiyatlarının olması digər ölkələrlə iqtisadi əlaqələrə necə təsir göstərir? Bunun Türkiyə ilə münasibətə hansı müsbət təsiri ola bilər?
- İsraildə qaz ehtiyatları bildiyiniz kimi, yeni tapılıb, 2 ilə yaxındır. Bu məsələlər yeni-yeni həllini tapır. Amma məndə olan məlumatlara görə, İsrail-Türkiyə münasibətlərinin stabilləşdirilməsində, normallaşdırılmasında qaz faktoru da az rol oynamayıb. Bildiyim qədər, İsrail qazının Avropaya çıxarılmasında əsas rolu Türkiyə oynayacaq. Əsas budur ki, Türkiyə ilə olan münasibətlər siyasi səviyyədə stabil şəkildə həll olunsun ki, sonra iki ölkə arasında normal iqtisadi əlaqələr qurulsun. Onu deyə bilərəm ki, 5 ildir, 6 ilə yaxındır İsraillə Türkiyə arasında ağır siyasi fon olsa belə, iki ölkə arasında iqtisadi əlaqələr çox yüksək səviyyədədir. Bu gün iki ölkə arasındakı ticari əlaqələr 3,5 milyard təşkil edir. Bu gün Türkiyənin daxilində də çox böyük problemlər yaşayır, bunu İsraildə də qeyd edirlər ki, bu, suriyalı qaçqınlarla, miqrantlarla bağlıdır. Türkiyənin doğrudan da geosiyasiyasi vəziyyəti çətinləşir, miqrantlarla bağlı vəziyyət Türkiyəyə çox əziyyət verir.
Mənbə:> ATV.az