Deputat: İsrail Türkiyədən üzr istəməyə hazırdır
İsrail “Mavi Mərmərə” gəmisindəki olayla bağlı Türkiyədən rəsmi üzr istəməyə hazırdır.
AzNews.info xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili Yevda Abramov İsrail-Türkiyə münasibətlərində yaranmış son vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün İsrail-Türkiyə münasibətlərində həm siyasi, həm də iqtisadi cəhətdən ciddi yaxınlaşma hiss olunmaqdadır və münasibətlərin normallaşması istiqamətində işlər gedir:
“Mən bu yaxınlarda Azərbaycan Milli Məclisinin deputat qrupu ilə birgə İsraildə rəsmi səfərdə oldum. Səfər zamanı biz İsrail prezidenti ilə görüşdük və o görüşdə mən İsrail-Türkiyə münasibətləri ilə bağlı sual verdim.
Dedim ki, biz Azərbaycanda yaşayan iyirmi minədək yəhudilər İsrail-Türkiyə münasibətlərinin əvvəlki dostluq münasibətləri səviyyəsinə dönüşünü istəyirik və bunu arzulayırıq.
İsrail prezidenti isə cavabında bildirdi ki, hazırda Cenevrədə İsrail-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində danışıqlar gedir. Yaxın zamanlarda tərəflər münasibətlərin normallaşması ilə bağlı rəsmi bəyanatlar verəcəklər”.
Millət vəkili onu da əlavə edib ki, İsrail bundan əlavə olaraq münasibətlərin korlanmasına səbəb olan “Mavi Mərmərə” gəmisində baş verən olaya görə Türkiyədən rəsmi qaydada üzr istəməyə hazırdır:
“İsrail təkcə hadisəyə görə üzr istəmir, eyni zamanda “Mavi Mərmərə” gəmisində ölənlərin ailəsinə maddi kompensasiya verməyə hazırdır. İsrail dövlət rəsmiləri hazırda bu istiqamətdə işlər görürlər”.
Millət vəkili sonda onu da bildirdi ki, bu gün bölgədəki problemlərin həllində Türkiyə İsrailə nə qədər lazımdırsa, İsrail də Türkiyəyə o qədər lazımdır.
Mənbə:> Moderator.az