"Bu addım atılarsa, Rusiya daha çox əziləcək"
Kifayət qədər dəqiq söylənmiş bu bəyanatdan sonra Rusiyanın hansısa aqressiv addım atacağına inanmıram.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Türkiy-Rusiya münasibətlərini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, son açıqlamalardan sonra hər iki tərəfin yumşaldığı hiss olunur:
“Hər hald,a son açıqamalardan da göründüyü kimi, hər iki tərəf münasibətləri yumuşaltmağa cəhd göstərir. Əslində, doğrusu da budur. Eyni zamanda, rəsmi Ankaranın baş verən hadisə ilə bağlı üzr istəməyəcəyi və təzminat belə ödəməyəcəyi artıq konkretdir. Rusiyanın tətbiq etdiyi iqtisadi sanksiyalar isə Türkiyə ilə yanaşı, Rusiyaya da ciddi ziyan vuracaq. Bu isə Qərbin sanksiyaları ilə onsuz da zəifləyən rus iqtisadiyyatını ciddi şəkildə zədələyə bilər. Kreml bunu bilməmiş deyil. Bütün bu ritorikalar sadəcə sıravi rus vətəndaşlarına yönəlik mesajlardır. Yəni daxili auditoriyaya hesablanıb”.
Rusiyanın aqressiv addım atmayacağını deyən politoloq ABŞ və NATO-nun Ankaraya ciddi dəstək verəcəyini proqnozlaşdırır:
“Rusiyanın S-400 raketlərinin yerləşdirməsinə gəldikdə isə Türkiyənin bu məsələdə də mövqeyi konkret olacaq. Hətta Suriya səmasında belə Türkiyə təyyarələri vurularsa, bu, hərbi təcavüz kimi qiymətləndiriləcək. Kifayət qədər dəqiq söylənmiş bu bəyanatdan sonra Rusiyanın hansısa aqressiv addım atacağına inanmıram. Əgər atarlarsa, bu, ciddi fəsadlara yol aça bilər ki, bunun da daha çox altında qalıb əzilən elə Rusiya olacaq. Türkiyə Ukrayna və ya Gürcüstan deyil. Yaxın Şərqdə kifayət qədər ciddi nüfuz savaşına çıxmış və bölgəsəl güc olaraq özünü təsdiq etməyə iddialı bir dövlətdir. Digər tərəfdən, NATO üzvüdür. Pentaqonun mətbuat xidmətinin rəhbəri Peter Kukun da açıqlamasından göründüyü kimi, 15 gün əvvəl 6 ədəd F15C “İql” qırıcısını Türkiyənin İncirlik bazasına göndərən ABŞ yalnız bununla kifayətlənməyəcək, Türkiyə Hərbi Hava Qüvvələrinə dəstək üçün İncirliyə F-15 “Strayk İql” qırıcı-bombardmançıları göndərəcək”.
Ekspertin fikrincə, iki ölkə arasında münasibətlərin gərginləşməsi Qafqaza öz mənfi təsirini göstərə bilər:
“Burada bir başqa məqam Qafqaz bölgəsidir. Münasibətlərin kəskinləşməsi təbii olaraq həm Şimali, həm də Cənubi Qafqaza öz təsirini göstərmiş olacaq. Məsələn, çeçen düşərgəsində olan bölünmə bunun əyani sübutudur. Qarabağla bağlı Türkiyə baş naziri və eləcə də xarici işlər nazirinin son açıqamaları da konkretdir. Münaqişənin uzanması Rusiyanın daxilində də müəyyən problemlərə yol aça bilər. Məsələn, münasibətlərin kəskinləşməsindən sonra Kazan artıq üstüörtülü olsa belə, narazılığını ifadə etməkdədir”.
Mənbə:> Axar.az