Rusiya Türkiyə ilə dostlaşmağa çalışır
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng vuraraq seçki qələbəsi münasibətilə təbrik edib. Moskva hakim AKP-nin gözlənilməz qələbəsini alqışlayır, çünki Rusiyanın Türkiyə daxilində danışıqlar aparacağı qrup artıq bəllidir.
"Stratfor" Araşdırmalar Mərkəzi yazır ki, bu amil münasibətlərin gərginləşdiyi bir məqamda çox vacibdir: "Rusiyanın Suriyada münaqişəyə girməsi Moskva ilə Ankaranı üz-üzə qoyub. Türkiyə Suriya üsyançılarına dəstək verir, Rusiya isə hökumət qüvvələrinə. Digər tərəfdən, Suriya Türkiyənin qonşusudur və Ankara hesab edir ki, Moskva özünün nüfuz dairəsindən çox kənara çıxır. Onları birləşdirənsə "İslam Dövləti" (İŞİD) qruplaşmasına qarşı mübarizədir. Ancaq bir məsələ də var ki, Türkiyə Suriyada sünnilərin hakimiyyətə gəlməsini və bununla da özünün daha çox nüfuz əldə etməsini istəyir.
Üstəlik, Rusiya Türkiyənin Qafqazda əsas müttəfiqi Azərbaycanla da münasibətləri isidib. Qafqaz Ankara və Moskvanın birbaşa rəqabət zonasıdır. Bakının Dağlıq Qarabağ münaqişəsində status-kvonu silkələmək istəyi barədə də şayiələr dolaşır. Ancaq Bakı çətin ki, Moskva ilə məsləhətləşməmiş hərbi addım atsın".
"Stratfor" Rusiya və Türkiyənin "Türk axını" qaz layihəsinə də toxunur: "İyun seçkilərindən sonra Rusiya AKP ilə danışıqları dondurmuşdu. İndi isə Türkiyədə nisbətən sabit hökumətlə işlər davam edəcək. Noyabrın 15-də G-20-nin sammitində də Putinlə Ərdoğan enerji sahəsində əlaqələrin gücləndirilməsini müzakirə edəcəklər. Ərdoğanın Moskvaya səfəri də gözlənir
Bu ilin sonunadək "Türk axını" üzrə razılaşmanın əldə olunması real görünmür. Ancaq iki liderin dostyana görüşlərinin pərdəarxasında böyük narazılıqlar hələ bir müddət qalacaq".
Mənbə:> Virtualaz.org