Putinlə Ərdoğanın Bakı danışıqları az qala pozulacaqmış
“Bakı-2015” I Avropa Oyunlarının açılış mərasiminin səhərisi gün Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü ilə başladı. Amma hər şey dramatik alındı.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikovun reportajında deyilir.
Məqalədə deyilir ki, Putin Ərdoğanın qaldığı “Four Seasons” otelinə gəlməli idi. Bir anlığa Ərdoğan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və öz ölkəsinin nümayəndə heyətinin daha bir neçə üzvü ilə ikinci mərtəbədəki geniş danışıqlar otağında göründü.
Bu, yumşaq desək, gözlənilməz idi. Çünki hələ nəinki Putin, heç Rusiya nümayəndə heyətindən də heç kim gəlməmişdi. Ərdoğan yəqin ki, həmkarını tapmaq üçün ətrafa göz gəzdirdi. Amma onu tapmadığı üçün qaşqabağını tökdü.
Bu, adi hadisə deyildi. Bu, protokol qaydalarının, özü də görünür, türklərinkinin iflası idi. Türkiyə protokol xidməti öz prezidentini danışıqlar otağına çağırır, Rusiya prezidenti isə hələ heç qaldığı oteldən də çıxmayıb. Yaxud da ola bilər ki, onlara lazımi siqnal verilməyib. Yoxsa onlar nəyə görə çağırmalı idi ki?!
Nəticədə belə mənzərə yarandı: Türkiyə prezidenti ətrafa göz gəzdirir, Putin isə nəinki sadəcə olaraq gecikmir, o, hətta heç yerə getməyə hazırlaşmır. Amma gələn kimi çıxıb getmək də qəribə görünərdi.
Və birdən belə demək mümkünsə, xilaskarlar - Rusiyanın xarici işlər naziri Sergey Lavrov və “Qazprom”un rəhbəri Aleksey Miller iti addımlarla otağa daxil oldular. Onların dalınca “Rosatom”un rəhbəri Sergey Kiriyenko və energetika naziri Aleksandr Novak da gəldilər.
Mənbə:> Virtualaz.org