“Putinin əsas dərdi təyyarə deyil…”
Vladimir Putinin bu qədər qəzəbli olması və sərt bəyanatlar səsləndirməsi daha çox Rusiya ictimaiyyətinin rəyinə hesablanıb.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri Rusiya tərəfindən səsləndirilən bəyanatların qızışdırıcı xarakter daşıdığını bildirib:
“Rusiya bir təyyarənin vurulmasını az qala bütün imicinin zədələnməsi kimi görür. Əgər məsələ ilə bağlı hər iki ölkənin mövqeyində fərq varsa, onda problemi beynəlxalq məhkəmə yolu ilə həll etmək olar. Ancaq Rusiyanın birdən-birə Türkiyə ilə bağlı atdığı düşünülməmiş addımlar rus xalqına çox ciddi zərbə vuracaq. Hazırda diplomatik səylər davam etdirilir. Yəqin ki, etirazları müəyyən qədər səngiyəcək. Hər halda Putinin bu qədər qəzəbli görünməsi və sərt bəyanatlar səsləndirməsi daha çox Rusiya rəyinə hesablanıb. Çünki baş vermiş hadisə Putinin reytinqinə, Rusiyanın imicinə dəymiş ziyanı aradan qaldırmaq məqsədi daşıyır. Türkiyə tərəfi qətiyyətlə kompromislərə getməyə hazır olduğunu bildirir. Ona görə də Rusiyanın bu hiddəti uzun çəkməyəcək. Çünki qarşıda çox ciddi problemlər var. Yaxın müddətdə ABŞ-ın ordusu Suriyaya daxil olacaq və bölgəni yeni silahlarla doldurmağa başlayacaq. ABŞ-ın başçılıq etdiyi koalisiya və ərəb dövlətləri də daxil olmaqla Suriyanın ətrafında böyük bir mühasirə yaradıblar. Bu, mühasirə Rusiya üçün ciddi problemlər doğuracaq. Belə bir vəziyyətdə Moskvanın Ankara ilə münasibətləri korlaması çox kobud səhv olardı. Rusiyada hazırda mövcud durumu qızışdıran siyasətçilərin qarşısının alınmasına böyük ehtiyac var. Çünki Rusiya Jirinovski kimi siyasətçilərin emosiyası ilə hərəkət edərsə, onda dünya qan gölündə dönəcək. Zənnimcə, məsələnin müsbət yolla həlli üçün əlverişli şərait yarancaq”.
Qeyd edək ki, Türkiyə hava məkanını pozan Rusiyaya məxsus Su-24 bombardmançısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 tərəfindən vurulub.
Mənbə:> Axar.az