Sarkisyanın qovduğu general kimdir? – ARAŞDIRMA
Ermənistan Prezidenti Serj Sərkisyan ötən gün üç generalı vəzifəsindən azad edib. Generalların vəzifədən məhz hansı səbəb ucbatından azad edildiyi haqqında heç bir açıqlama verilmir. Maraqlı məqam isə azad edilən hər üç şəxsin ölkə ordusunun ən yüksək pillələrində yer almasıdır. Vəzifəsindən azad edilən şəxslərdən, xüsusilə, Müdafiə nazirinin müavini Alik Mirzəbekyanın adı Azərbaycan oxucusu üçün maraqlıdır.
Axar.az xəbər verir ki, Ermənistan ordusunun maddi texniki təminatını kurasiya edən bu general Serj Sərkisyanın yaxın adamlarından hesab edilir. Xocavənd rayonunun Qarakənd kəndində anadan olan Mirzəbekyan orduda müxtəlif vəzifələrdə çalışıb. Qarabağ müharibəsində separatçıların sıralarında Azərbaycana qarşı vuruşan Mirzəbekyan 1992-ci ildən etibarən Ermənistan ordusunun sıralarına daxil olub. 2001-ci ildən isə o, Ermənistan Müdafiə nazirinin müavini vəzifəsini (Sərkisyanın müavini – red.) tutur. O, Ermənistandakı 1997-ci il dövlət çevrilişində Robert Köçəryanı müdafiə edən və demək olar ki, çevrilişin əsas iştirakçılarından biri hesab edilir.
Mirzəbekyanın adı həmçinin Ermənistandakı kriminal proseslərdə də hallanır. Belə ki, bir müddət öncə Ermənistan şirkətlərinin 2011-ci ildə Liviya və Suriyaya qanunsuz silah satdıqları müəyyənləşir. Silah satışını “DG Arms Korporeyşn” şirkətinin rəhbəri David Qalstyan həyata keçirir. Tezliklə, Qalstyana qarşı beynəlxalq axtarış elan edilir. Qalstyanla bərabər, onun Albaniya və Serbiyadakı ortaqları İnterpolun axtarışına verilir.
Əsas məsələ məhz bundan sonra bəlli olur. Adı silah qaçaqmalçılığında kifayət qədər tanınan Qalstyanın Serj Sərkisyan və Mirzəbekyanla əlaqələri olduğu müəyyən edilir. Qalstyan öz uçuşlarını Sərkisyana məxsus aviaşirkətlər vasitəsilə həyata keçirir. Az sonra Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunç mətbuata açıqlama verərək bu iddiaları təsdiqləyir. Sakunçun iddiasına görə, bu məsələ ortaya çıxandan sonra İrəvan yalnız bir nəfəri - polis polkovniki Vanik Manukyanı həbs etdi. Üstəlik, məhkəmə qapalı aparıldı. Bu işdə əsas günahkarlardan olan Mirzəbekyan isə həbs edilməməklə bərabər, səlahiyyətləri də artırıldı. Əslində isə Suriya və Liviyaya qanunsuz silah David Qalstyan, Serj Sərkisyan, Müdafiə naziri Seyran Ohanyan, Alik Mirzəbekyan, Ermənistan polisinin rəis müavinləri Qaragen Qabrielyan, Ovanes Unanyan və digərləri vasitəsilə daşınır.
Qeyd edək ki, Qalstyanın qeydiyyatdan keçirdiyi “DG Arms Korporeyşn” şirkəti ilk dəfə mətbuatda 2007-ci ildə peyda olub. Ermənistanın hərbi zavodlarından birini 4,7 milyon dollara alan Qalstyanın Sərkisyanla dostluğunun məhz bundan bir az öncə başladığı iddia edilir. Qalstyan Ermənistanda qanuni şəkildə zavod alana qədər Albaniya və Serbiya ilə sıx əlaqələrə malik olub. Belə ki, erməni oliqarxın yaratdığı “DG Arms Korporeyşn”nın digər qolları olan “Moisston İnceneri” və “Meveda” şirkətlərinin hər biri Seyşel adalarında qeydiyyatdan keçib. Qalstyan qanunsuz fəaliyyətini məhz bu iki kompaniya üzərindən yürüdüb. Albaniya və Serbiyada qurduğu əlaqələr ona qısa zaman çərçivəsində Liviya və Suriyaya silah göndərməyə imkan verib. Qalstyan Liviyadakı partizanlara silah patronları ilə bərabər, müxtəlif çaplı pulemyotların da satışını həyata keçirib. Silahlar Albaniyanın MEİCO şirkətindən əldə edilərək Liviyaya göndərilib. Liviyadakı partizanlara silah transferini Qalstyanın “Meveda” şirkəti həyata keçirib.
Maraqlı məqamlardan biri isə David Qalstyanın adının Ukrayna ilə silah ticarətində də hallanmasıdır. O zaman hakimiyyətdə Rusiya meyilliliyi ilə seçilən Viktor Yanukoviçin olması tərəflər arasında bu müqavilənin imzalanmasına imkan yaradır. Ukraynanın Ermənistana 2011-ci ilin avqustun 26-da satdığı silahlar məhz “DG Arms Korporeyşn” vasitəsilə İrəvana gətirilir. O zaman məsələ haqqında məlumat əldə edən APA agentliyi tərəflər arasında imzalanan müqavilənin görüntüsünü yayımlayır. 5/107k saylı müqaviləni Ukraynanın “Ukrinmaş” və Ermənistanın “DG Arms” şirkəti imzalayır. Həmin dövrdə İrəvana 800000 patron (12,7x108mm), 12 “Smerç” raket sistemi, 50 ədəd “İql” kompleksi satılır. Müqavilənin dəyərinin nə qədər olduğunu müəyyənləşdirmək mümkün olmur.
Mənbə:> Axar.az