Müəmmalı oliqarx-dələduz Yusifov: Sierra-Leonenin qanlı almazından Azərbaycan neftinə qədər
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Naxçıvan MR Şahbuz rayon sakini 57 yaşlı Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. virtualaz.org xəbər verir ki, son illər Azərbaycan məhkəmələrinin ən müxtəlif sxemlərdən istifadə olunan dələduzluq əməlləri ilə bağlı çoxsaylı cinayət işləri içərisində “itib-batdığı” bir vaxtda şahbuzlu Yusifovun işi bəlkə də diqqəti cəlb etməzdi.
Amma ona qarşı irəli sürülmüş ittiham aktında kifayət qədər sensasion məqamlar, faktlar var. Sierra-Leonedə “qanlı almaz” biznesindən tutmuş Azərbaycan neftinin alverinə qədər ən geniş spketrdə fəaliyyətlə məşğul olmuş bu adam almaniyalı biznesmenə 6 milyon avrodan çox pul “atmağa” nail olub.
Üstəlik üzə çıxıb ki, Yusifov pulları Latviya banklarından biri üzərindən özünün offşor şirkətinin hesabına ötürüb. Hansı ki, son vaxtlar Latviyanın bank sistemi Azərbaycan və bəzi digər keçmiş sovet respublikalarından 13 milyard dollardan çox pulun offşorlarda “yuyulması” qalmaqalı ilə çalxalanır və ciddi böhran içərisindəndir. Azərbaycan pullarını offşorlara ötürən banklardan biri-”ABLV Bank” bu araşdırmalara görə artıq fəaliyyətini dayandırıb.
Beləliklə, virtualaz.org saytının əldə etdiyi istintaq materiallarına əsasən Ələddin Yusifov 2004-cü ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib, neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub.
2010-cu ildə adıçəkilən həmin MMC-nin direktoru statusunda Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, alman vətəndaşı Ştitternat Hans-Georq Tomasa (Stichternath Heins-Georg Tomas ) özünü uğurlu, geniş əlaqələrə malik olan iş adamı kimi təqdim edib. O, neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini, biznesə daha çox investisiya qoyulacağı təqdirdə daha çox gəlir əldə edəcəklərinə inandırıb. Ə.Yusifov almaniyalı iş adamından o vaxtkı məzənnə ilə 6 milyon avro (6 milyon 540 min manat) istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib.
60 yaşlı iş adamı Ştitternat Hans-Georq Tomas Almaniyada fəaliyyət göstərən müxtəlif banklar vasitəsilə qeyd olunan məbləği köçürüb. Ələddin Yusifov həmin pulu şəxsi talayaraq almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib.
Törətdiyi cinayət əməlinə görə Ə.Yusifovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq zamanı Ə.Yusifov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib və ifadə verməkdən imtina edib.
“Airwerk” şirkəti ilə qurulan işgüzar münasibət
Ə.Yusifov istintaq dövründə şahid qismində dindirilərkən 1990-cı illərdən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu deyib. Bildirib ki, 2004-cü ildə “QKSSS”MMC-ni satın alıb, həmin MMC-nin neft, kimya məhsullarının emalı, satışı ilə məşğul olurmuş, Qaradağ rayonu ərazisində “QKSSS” MMC-yə məxsus zavod fəaliyyət göstərirmiş, lakin sonradan həmin zavod tamamilə fəaliyyətini dayandırıbmış.
2009-cu ildə Yusifov Elşən Şıxkərimovun (“Airwerk” şirkətinin Asiya üzrə nümayəndəsi vəzifəsində işləyib. Şirkət alternativ enerji mənbələrin müəyyən edilməsi, istifadə olunması və satışı ilə məşğul olub –red) “Airwerk” şirkətinin nümayəndəsi olduğunu, həmin şirkətin alternativ enerji mənbələrinin istifadəsi ilə məşğul olduğunu öyrənib. Və onunla işgüzar münasibətlər qurub.
“4 milyon avronun əvəzinə 6 milyon avro qaytaracaqdım”
Ə.Yusifovun ifadəsinə görə, “Airwerk” şirkətinin nümayəndələrinə ofisdə yer verib. Elə Ştitternat Hans-Georq Tomasla tanışlıq da bundan sonra baş tutub: “Neft məhsullarının alqı-satqısı ilə məşğul olduğumu desəm də şərikli iş görmək üçün razılığa gəlməmişdim. Elşən onun adından mənə müraciət edərək biznesimi genişləndirmək üçün faizə pul verməyə razı olduqlarını dedi. Elşəndən faizə aldığım 4 milyon avronun müqabilində ona 6 milyon avro qaytaracağıma dair razılığa gəldik”.
Milyonlarla avro Latviya bankı üzərindən offşorlara ötürülür
Birinci dəfə Ştitternat Hans-Georq Ə.Yusifovun “QKSSS” MMC-nin “Texnikabank” ASC-də hesabına 2 milyon avro göndərib. Yusifovun ifadəsindən: “Pulu hesabdan çıxarmayıb geri qaytardım. Sahibkarlıq fəaliyyətim ölkədən kənarda olduğuna görə xarici bankda olan hesabıma köçürmələrini söylədim. Latviyadakı “Parexbanka” bankında olan “Ortel Energe LLP” şirkətinin hesabını verdim. Şirkət İngiltərədə qeydiyyatdan keçsə də faktiki olaraq heç bir fəaliyyəti yox idi. Həmin hesabdan ofşor kimi istifadə etmişəm. Bir müddət sonra almanlar mənimlə razılaşdıqları kimi iki dəfəyə Ortel Energe LLP” şirkətinin hesabına 4 milyon avro köçürdülər”.
Syerra-Leonenin qanlı almazı
Ə.Yusifov ifadəsində bildirib ki, həmin pullar onun Qazaxısan, Qırğızıstan və Afrikanın Syerra Leone Respublikasında olan biznes layihələrinə sərf olunub. Belə ki, bu adam Qazaxıstandan neft məhsulları alaraq Gürcüstanın Poti limanında satışını təşkil edirmiş, Qırğızıstanda qurğuşun mədənində tikinti işləri aparırmış, həmçinin Syerra Leone Respublikasında almaz mədənində hasilat işləri ilə məşğul imiş və pulları həmin mədəndə işlərə , lazımi avadanlıqların alınmasına sərf edirmiş.
Təqsirləndirilən şəxsin ifadəsindən: “Aldığım pulun müqabilində aylıq faiz ödəməyə başlamışdım. Ayda 80 min avro olmaqla bir il ərzində 1 milyon avro ödəmişəm. Pulu ya Elşənə, ya da almanların özlərinə verirdim”.
Biznes fəaliyyətində çöküş və...
2011-ci ildə Ə.Yusifovun Qazaxıstandakı biznes fəaliyyətində problemlər yaranıb. Hətta iş məhkəməyə qədər uzanıb. Belə ki, 1 milyon 200 min dollarlıq neft məhsulları satın almaq üçün Qazaxıstandakı şirkətin hesabına pul köçürülsə də şirkət ona neft məhsulları göndərməyib. Bu barədə Elşənə deyib və faizlərinin hesablanmamasını xahiş edib.
İfadədən sitat: “Elşən bu məsələnin pula aidiyyatı olmadığını, aldığım pulları faizi ilə birgə ödəməli olduğunu bildirdi. Qaradağdakı zavodu, Sumqayıtdakı torpaq sahələrini, “Avropa” mehmanxanasının yanındakı evi 1 milyon 500 min manata sataraq Elşənə verdim. Ümumiyyətlə, nağd qaydada Elşənə və onun adamlarına 3 milyon 500 avro pul vermişəm”.
Ə.Yusifov almanlardan 6 milyon avro deyil, 4 milyon avro aldığını, pulu faizi ilə birgə artıqlamasıyla ödədiyini, borcunun qalmadığını göstərib.
Almaniya vətəndaşı Bakıya gəlib hüquq-mühafizə orqanlarına üz tutur
Alman vətəndaşı Ştitternat Hans-Georq Tomas ötən ilin yanvarında Azərbaycana gələrək Ə.Yusifovdan hüquq-mühafizə orqanlarına şikayət edib. 60 yaşlı iş adamı səhhəti ilə bağlı yaşadığı ölkəni tərk edə bilmədiyinə görə cinayət təqibində iştirak etməsi üçün S.Abdullayevə etibarnamə verib. Bu ilin fevralında S.Abdullayev və iş üzrə tərcüməçinin iştirakı ilə “Skype” vasitəsilə Ştitternat Hans-Georq Tomasla video əlaqə qurulub və şahid qismində dindirilib.
“Ələddin dedi ki, Azərbaycandan pul köçürmələrdə problem yaranıb…”
İstintaqa verdiyi ifadəsində göstərib ki, “Airwerk” şirkətini şirkəti 2004-cü ildə təsis edib, bu günə qədər həmin şirkətin baş direktoru kimi fəaliyyət göstərir. Elşən Şıxkərimovu 20 ildən çox tanıdığını, dostluq əlaqələri olduğunu deyib.
Ə.Yusifova gəlincə isə, sonuncunu 2010-cu ildə “Yeni Yaşma” layihəsini icra edərkən tanıdığını açıqlayıb: ”Azərbaycanda külək enerjisi ilə işləyən qurğuların quraşdırılması ilə bağlı “Airwerk” layihə həyata keçirirdi. Həmin layihə üzrə Ələddin Yusifovun şirkəti müəyyən işlər görməli idi. Amma şirkət tenderdə qalib gəlmədiyinə görə layihədə iştirak etmədi. Ələddin mənə biznesinin neft məhsullarının alqı-satqısı olduğunu demişdi. Onun təklifinə əsasən Ələddinin biznesinə investisiya qoymaq istədim. Aramızda etibarlı münasibət yaranmışdı”.
Frankfurtda, İsveçdə davam edən görüşlər və...
Alman iş adamının ifadəsinə görə, Ə.Yusifov ona özünə məxsus daşınmaz əmlakları, biznesini göstərərək yüksək gəlir əldə etdiyinə inandırıb. Eyni zamanda Ə.Yusifovla İsveçrənin Sürüx şəhərində də görüşüb. “Yeni Yaşma” külək elektrik stansiyasının tikintisi layihəsi ilə bağlı Bakıda olarkən Ə.Yusifovun təklifi ilə onun ofisində oturub. Ə.Yusifov ona birgə işləməyi təklif edib.
Almaniyalı biznesmenin ifadəsindən: “Birinci dəfə Ələddinin hesabına 2 milyon avro köçürdüm. O, neft daşıyan tankerin tam dolu şəkildə hərəkət etməsi üçün əlavə olaraq pul köçürməyi xahiş etdi. Ələddin köçürmə ilə bağlı Azərbaycanda problemlərin yarandığını, pulu hesabdan çıxarmaqda çətinliklərin olduğunu deyərək qalan vəsaiti Latviyanın “Parex banka” bankındakı hesaba köçürməyi xahiş etdi. 2010-cu il iyunun 18-də həmin hesaba 2 milyon avro köçürdüm. Ələddin işlərinin gecikməməsi üçün əlavə 2 milyon avro vəsait köçürməyimi də istədi. Təxminən bir ay sonra yenidən 2 milyon avro onun hesabına köçürdüm”.
İş adamı Ə.Yusifov tərəfindən aldanıldığını, onun heç bir heç bir ticarətinin olmadığını başa düşəndən sonra şirkətə vurulmuş ziyanın ödənilməsi üçün addımlar atmağa başlayıb. Dörd il ərzində Ə.Yusifovla əlaqə saxlayaraq ondan pulunu geri almağa çalışıb. Ə.Yusifov ona bir milyon avro ödəsə də 5 milyon avro borclu qalıb.
“Ələddin pulların əvəzində mənə öz aktivlərini, aşılanmamış formada brilyant təklif edirdi. Bu adam aldığı 6 milyon avronun əvəzində çoxsaylı zənglərdən, görüşlərdən sonra, üstündən 5 il keçdikdən sonra pulun bir hissəinin əvəzində villa verdi. 2012-ci ildə zəmanət məktubu verərək qalan pulları ödəyəcəyinə dair öhdəlik götürdü”-zərərçəkən alman bildirib.
“Almaz və brilyant emalı zavodu açmağı təklif etmişdi”
Şahid qismində dindirilən Elşən Şıxkərimov ifadəsində 15 ildən artıqdır ki, Almaniyada qeydiyyatdan keçən “Airwerk” şirkətinin Asiya üzrə nümayəndəsi işlədiyini göstərib. Bildirib ki, Ələddin ona biznes fəaliyyətini maliyyələşdirməyi, əldə edəcəyi gəlirdən xərcləri çıxdıqdan sonra gəliri böləcəyini deyirdi. Hans-Georq da onun biznesinə investisiya qoymağa razılaşmışdı.
“Bir neçə dəfə Frankfurtda, İsveçrədə görüşmüşdülər. Ələddinə inanıb onun bank hesablarına pul köçürməyə başlamışdı. 2011-ci ildə Ələddin Georqla danışarkən işlərinin alınmadığını, müflis olduğunu, əmlaklarını sataraq pulunu qaytaracağını deyib. Həmçinin ona almaz və brilyant emalı zavodu açmağı da təklif edib. Lakin Georq razılaşmayıb, pulları geri tələb edib”-şahid ifadəsində deyib.
Bu qalmaqallı dələduzluq işi üzrə məhkəmə prosesi davam edir.
Mənbə:> Virtualaz.org