SOCAR 500 milyon avro kredit alır
Vəsait Dövlət Neft Şirkətinin Karbamid Zavodunun tikintisi üçün istifadə olunacaq.
Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan Karbamid Zavodu layihəsinin tikintisinin maliyyələşdirilməsinə dövlət zəmanətli kredit cəlb edilməsi üçün danışıqlar yekunlaşmaq üzrədir.
AzNews.info xəbər verir ki, bu barədə “Report”a Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib.
Zavodun direktoru maliyyələşmədə Cənubi Koreyanın “Eximbank”ı ilə yanaşı, bir neçə beynəlxalq kommersiya banklarının da iştirak edəcəyini qeyd edib. X.Cəfərov kommersiya banklarının adlarının bir aya açıqlanacağını bildirib. O əlavə edib ki, hazırda müqavilənin şərtləri üzrə danışıqlar aparılır.
“Sentyabr-oktyabr aylarında daha aktiv şəkildə danışıqların aparılması nəzərdə tutulub. Ümid edirik ki, oktyabrın sonu, noyabrın əvvəlində danışıqlar tamamlanacaq. 500 mln. avro məbləğində dövlət zəmanəti ilə kredit cəlb ediləcək”, - deyə zavod direktoru əlavə edib.
Qeyd edək ki, Karbamid Zavodunun inşası layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir.
Bu məqsədlə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb və 2011-ci il dekabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib.
2013-cü il martın 13-də SOCAR və “Samsung Engineering Co. Ltd.” (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı zavodunun inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb.
Müqavilə çərçivəsində “Samsung Engineering” şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək “açar təhvili” əsasında müəssisəni tam istifadəyə hazır şəkildə Dövlət Neft Şirkətinə təhvil verəcək.
Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək.
Mənbə:> Report