Daha bir iri oliqarx həbs edildi
Məhkəmənin qərarı ilə “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov həbs edilib. Məlumatı virtualaz.org saytına Nərimanov Rayon Məhkəməsindəki mənbələr verib.
“İnter Glass” şirkətinin prezidenti 50 milyon dollarlıq mənimsəmədə ittiham olunur. Fariz Muradov Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevə yaxın şəxsdir.
“İnter Glass” şirkətinin Bakının Qaradağ rayonunda, Salyan şosesi, 25 ünvanda nəhəng “İnter Glass Azerbaijan” şüşə məmulatları zavodu var. Zavod 2008-ci ildə açılıb, Qafqaz regionunda şüşə butulkalar və digər şüşə taralar istehsal edən ən iri zavoddur.
Şirkətin məlumatlarında göstərilir ki, zavodun açılmasına Beynəlxalq Bank 5 milyon avro kredit ayırıb.
“İnter Glass” şirkəti Gürcüstanda da zavod açıb. 2012-ci ildə Fariz Muradov Gürcüstanın Xaşuri rayonunda (Şida Kartl regionu) o vaxtkı prezidenti Mixail Saakaşvili ilə birlikdə şüşə tara zavodunun təməlqoyma mərasimini keçirib.
Zavodun tikintisi layihəsini həyata keçirmək üçün Gürcüstanda “İnter Glass Georgia” şirkəti təsis edilib. Şirkətin payçıları “İnter Glass Azerbaijan” (60 faiz) və Gürcüstan Qaz Nəqli Şirkətidir (40 faiz). Layihənin dəyəri 18 milyon dollardır.
Oliqarxın həmçinin Qırğızıstanda şüşə tara zavodu var, zavod 2012-ci ildə fəaliyyətə başlayıb.
2009-cu ildə “İnter Glass” Azərbaycanda yeni investisiya layihəsinə başlayıb. Onun törəmə müəssisəsi olan “Brickwork House Construction Ltd” yeni şüşə zavodunun tikintisinə 52 milyon manat yatırıb. Ehtimal ki, Fariz Muradova qarşı irəli sürülən 50 milyon dollarlıq mənimsəmə ittihamı da bu layihə ilə bağlıdır.
Mənbə:> Virtualaz.org