Daha bir oliqarxın zavodu bağlandı
Məşhur oliqarx, AzMeCo şirkətinin Direktorlar Şurasının sədri Nizami Piriyevin Bakının Qaradağ rayon ərazisində yerləşən metanol zavodu fəaliyyətini dayandırdı. Bu haqda Marja iqtisadiyyat Agentliyi zavodun məsul nümayəndəsi Fuad Hətəmova istinadən məlumat verib. Onun sözlərinə görə, zavod fəaliyyətini SOCAR – ARDNŞ tərəfindən qazın çatdırılmaması səbəbindən dayandırıb. Dövlət Neft Şirkəti tərəfindən çatdırılmasının qarşısı alınan təbii qaz metanolun alınması üçün xammal olaraq istifadə edilir.
Xatırladaq ki, Azərbaycan Metanol Şirkəti (AzMeCo) 2014-cü ilin avqust ayından başlayaraq istehsal etdiyi 100 min ton metanolu dekabr ayında dünya bazarlarına ixrac etmişdi.
Metanol dünya bazarında müştərilərə Bakı limanı və Gürcüstanın Poti və Kulevi limanı vasitəsilə çatdırılmışdı. Istehsal olunan metanol satış limanlarına AzMeCo şirkətinə məxsus dəmiryol vaqonları ilə yetişdirilib. Avqust ayından dekabra kimi 100 min ton metanol Türkiyə, Rumıniya, Sloveniya, Hollandiya və Belçikaya ixrac olunmuşdu.
AzMeCo zavodunda istehsal olunan metanolun əsas alıcısı qismində Böyük Britaniyanın BP şirkəti çıxış edir. Qeyd olunan dövr ərzində metanolun satışı zamanı əsasən Gürcüstanın Kulevi limanından istifadə olunub. Həmçinin metanolun satışı və daşınması zamanı AzMeCo şirkəti ilk dəfə olaraq, Volqa-Don kanalı vasitəsilə metanolun daşınması və Poti, Kulevi limanları vasitəsilə ilk dəfə böyük həcmdə yüklənməsini həyata keçirilmişdi.
AzMeCo şirkətinin Direktorlar Şurasının sədri Nizami Piriyev cəmi bir neçə ay əvvəl mətbuata açıqlamasında demişdi: “Azərbaycanda metanol zavodunun tikilib başa çatması və uğurla fəaliyyət göstərməsi ölkə rəhbərliyinin özəl sektora himayəsinin bariz nümunəsidir. AzMeCo metanol istehsalı zavodu Azərbaycanın qeyri-neft sektorunda ən böyük sərmayələrdən biridir və ekoloji cəhətdən müasir dünya standartlarına cavab verən bir müəssisədir. Şirkətimiz bundan sonra da Azərbaycanın iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə davam edəcək.”
Bir neçə min işçisi olan zavodun bağlanmasının ehtimal edilən səbəblərindən biri dolların məzənnəsinin qalxması ola bilər. Çünki Nizami Piriyevin bu zavodu tikib ərsəyə gətirməsi üçün ona lazım olan 450 milyon dollar krediti Rusiyanın Əmanət Bankı və Azərbaycanın Beynəlxalq Bankından götürmüşdü.
Digər tərəfdən, AzMeCo ilə ARDNŞ arasında hər hansı iqtisadi əməkdaşlığın aparılması müvafiq müqavilələr əsasında həyata keçirildiyindən, gözlənilmədən belə bir qərarın verilməsi, görünür tək SOCAR-ın müstəqil qərarı deyil.
Mənbə:> AzadXeber.az